Vaxt.Az

«Gerçək mənalar»


 

Bakı Müasir İncəsənət Muzeyi Çingiz Babayevin fərdi sərgisini təqdim edir

«Gerçək mənalar» 6 May saat 19:00-da Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam, heykəltaraş, dizayner, şair, fəlsəfəçi və nəzəriyyəçi ÇİNGİZin «Gerçək mənalar» adlı fərdi sərgisinin açılış mərasimi keçiriləcəkdir.

ÇİNGİZ, yaradıcılığında müasir konseptual incəsənətdə fəlsəfi və nəzəri araşdırmalarına əsas yer vermişdir. Sərgidə iyirmiyə yaxın müxtəlif tərzdə və materiallarda icra olunmuş yeni əsərlər nümayiş olunacaq.

ÇİNGİZ, Ə.Əzimzadə adına Rəssamlıq məktəbini və Mirzə Ağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universitetinin heykəltəraşlıq fakültəsini qırmızı diplomla bitirib. Hələ tələbəlik illərindən heykəltəraşlığı və rəngkarlığı mükəmməl öyrənməyə çalışan ÇİNGİZ, müxtəlif material və texnikalara yiyələnib. Onlardan istifadə edərək, öz fikirlərini ifadə etmək imkanlarını araşdırmağa cəhd göstərib. Kollaj, «street art» (küçə incəsənəti), instalyasiya (quraşdırma), performans (qısa tamaşa), video art və sairə texnikalardan istifadə edir. Eksperimentlərin nəticələri artıq müvəffəqiyyətlə həm vətəndə, həm də xaricdə sərgilənməyə başlayıb.

1986-cı ildən etibarən müxtəlif beynəlxalq sərgi, simpozium, biennale, konfranslar və sairə mədəniyyət tədbirlərində iştirak edir.

1996-cı ildə «ARTS etc...» Müasir Mədəniyyət Mərkəzini rəsmi olaraq yaradır və bu mərkəzin rəhbəri kimi bir neçə müddət fəaliyyət göstərir.

1997-ci ildə ÇİNGİZ Londondakı «The Madame Tussauds» mum fiqurları muzeyinə heykəltəraş kimi 3 illik işləməyə dəvət olunur.

2007-ci ildə Azərbaycan ilk dəfə 52-ci Beynəlxalq Təsviri Sənət Sərgisində Venesiya Biennialisində «OMNIA MEA» adlı layihə ilə iştirak edir.

ÇİNGİZin əsərləri müxtəlif ölkələrdə nümayiş olunub və şəxsi kolleksiyalarda saxlanılır. Bunlardan Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya, Avstriya, İtaliya, İsveçrə, Norveç, Finlandiya, Polşa, Vyetnam, Estoniya, Yunanıstan, Ukrayna, Dominikan Respublikası, İsveç, Qırğızıstan kimi ölkələrin adlarını sadalamaq olar.

Sərgi 31 maya qədər davam edəcəkdir.

Giriş 5 AZN-dir.

 





06.05.2014    çap et  çap et