Vaxt.Az

Dirijorumuz Rusiyanı riqqətə gətirdi


 

Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev rəhbərliyi ilə Rusiya Akademik Filarmonik orkestri silsilə konsertlər keçirilib

Dirijorumuz Rusiyanı riqqətə gətirdi Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Vasiliy Safonov adına Rusiya Akademik Filarmonik orkestrinin silsilə konsertləri keçirilib. Milli.Az-ın məlumatına görə, konsertlər Rusiyanın Mədəniyyət Nazirliyi və Safonov adına Federal Akademik Filarmoniya tərəfindən təşkil olunmuşdur. İyunun 12-dən 17-dək Cənubi Rusiyanın möhtəşəm Şalyapin və Skryabin adına salonlarında baş tutan konsertlərdə  4000-ə yaxın insan iştirak etmişdir. Dünya klassik musiqisinin parlaq nümunələrindən ibarət olan konsert proqramı musiqisevərlər tərəfindən böyük maraqla qarşılanmışdır. Əyyub Quliyevin dirijorluğu altında Safonov  Filarmonik orkestri dinləyicilərə P.Çaykovski, F.Şubert, C.Rossini və F.Divyenin musiqi aləminin və yaradıcılıq irsinin geniş təqdimatını həyata keçirtmişlər.
Çaykovskinin vida əsəri olan 6-cı simfoniyanın ifasından sonra dirijor və orkestr musiqiçiləri səhnəyə dəfələrlə alqışlarla dəvət olunmuşlar. Məşhur “İtalyan kapriççiosu” səsləndikdən sonra isə orkestr dinləyicilərin marağını nəzərə alaraq   əsəri yenidən ifa etmişdir. Hər əsər tamamlandıqdan sonra zaldan səhnəyə ünvanlanan “Azərbaycana eşq olsun!”, "Bravo, Bakı!" və “Təşəkkürlər, dirijor və orkestr!” çağırışları Azərbaycan musiqi ifaçılığının nailiyyətini bir daha təsdiq etmişdir.
Konsertlərlə bərabər, Əyyub Quliyev Safonov adına Federal Akademik Opera və Balet teatrında dahi Avstriya bəstəkarı V.A.Mosartın “Fiqaronun toyu” operasına dirijorluq etmişdir. Rəngarəng, həyatsevər və sevgi dolu musiqi bayramına çevrilən tamaşada Rusiyanın tanınmış müğənniləri - beynəlxalq müsabiqələrin laureatları Sergey Maydanov, Yelena Filimonova, Anna Quzairova,  Aleksandr Kondakov, Yuliya Kolevatova,  Viktor Juravlev və Natalya Qovorskaya iştirak etmişlər. Tamaşa bitdikdən sonra Filarmoniyanın rəhbərliyi Əyyub Quliyevi iyul ayının 6-dan 30-dək keçiriləcək “Raxmaninov Musiqi festivalının” açılışında dirijorluq etmək üçün yenidən Rusiyaya dəvət etmişdir.
 





18.06.2013    çap et  çap et