İyunun 19-da baş nazir Donald Tusk Varşavada mətbuat konfransında çıxış edib. Tusk bildirib ki, istefa verməyə heç bir səbəb yoxdur, bir neçə həftə ərzində yeni seçkilər keçirilə bilər. «Siyasi qalmaqal dərinləşsə, yeganə həll yolu erkən seçkilər ola bilər», - o deyib.
Tusk Polşanın həftəlik «Wprost» jurnalının redaktorlarından aparıcı siyasətçilərin gizli səsyazmalarının hamısını yaymağı tələb edib. O bildirib ki, belə olmasa, öz siyasi komandası şantajlara məruz qala və dövlətin stabilliyi pozula bilər.
Bundan əlavə, baş nazirin bankın qeyri-iş günündə mətbuat konfransı keçirməsi onun istefaya getməsi ilə bağlı şayiələrə səbəb olub.
«Wprost» redaksiyasına hücum
Bundan bir gün əvvəl polislər qalmaqala səbəb olan lent yazısını ələ keçirmək üçün «Wprost» jurnalının ofisinə hücum ediblər.
Jurnalın redaktoru Silvester Latkovski və başqa jurnalistlər ittihamçıların notbuk və yaddaş kartlarını götürməsinə müqavimət göstəriblər. Latkovski bildirib ki, onları yalnız məhkəmənin qərarı ilə verə bilər. Polis və ittihamçılar bundan sonra geri qayıdıblar.
Polşa qanununa görə, jurnalistlər anonimliyin qorunmasını tələb edən mənbələri gizləyə bilərlər. Mənbələrin kimliyi yalnız məhkəmə qərarından sonra açıqlana bilər.
«Associated Press» agentliyinə əsasən, «Wprost» jurnalının vəkili Yaçek Kondraski bildirib ki, jurnal məsələyə görə hakimiyyət orqanlarını məhkəməyə verə bilər. «Biz Putinin ölkəsində, ya da Belarusda yaşamırıq», - deyən Kondraski son zamanlar mətbuat azadlığını məhdudlaşdırdığına görə tənqidlə üzləşən Rusiyaya istinad edib.
Dövlət ittihamçılarının nümayəndələri məqsədlərinin mətbuat azadlığını pozmaq deyil, sübut əldə etmək olduğunu bildiriblər.
Gizli danışıqlar
Bir neçə gün əvvəl «Wprost» mərkəzi bankın sədri Marek Belka və daxili işlər naziri Bartlomiey Senkiyeviç arasında ötən ilin iyul ayında məxfi danışıqlarla bağlı məlumat yayıb. Səsyazmada Belka Senkiyeviçə bildirir ki, maliyyə naziri Yaçek Rostovski vəzifəsindən uzaqlaşdırılsa, hökumətin iqtisadi siyasətini dəstəkləyəcək. Elə həmin il Rostovski vəzifədən getmişdi.