Vaxt.Az

Albaniya Aİ üzvlüyünə namizəddir


 

Ştefan Füle: «Təbriklər, Albaniya!»

Albaniya Aİ üzvlüyünə namizəddir Avropa İttifaqı üzvlük üçün Albaniyaya namizədlik statusu verib. Komissiya bildirib ki, ölkə daha çox islahatlar həyata keçirməli, mütəşəkkil cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə aparmalıdır.


Albaniyaya namizədlik statusunun verildiyini iyunun 24-də Aİ-nin genişlənmə üzrə komissarı Ştefan Füle elan edib. «İslahat səylərini bəyənən və nailiyyətlərin davamını arzulayan nazirlər namizədlik statusunun verilməsini təsdiqlədilər. Təbriklər, Albaniya!», - Füle «twitter» hesabında yazıb.

Avropa Komissiyası öz bəyanatında bildirir ki, 28 üzvü olan İttifaqın qəbul etdiyi qərar «Ölkənin Avropaya inteqrasiya yolunda əldə etdiyi inkişaf və həyata keçirdiyi zəruri islahatların» nəticəsidir.

Komissiya həmçinin bildirib ki, namizədlik statusunun verilməsi Aİ-nin dərhal Albaniya ilə üzvlük danışıqları aparması demək deyil. «Albaniya da prioritet sahələr üzrə tələblərə cavab verməlidir. Ölkədə dövlət qulluğu və ədliyyə sahəsində islahatlar aparılmalı, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və insan hüquqları sahəsində işlər görülməlidir», - nazir vurğulayıb.

Qeyd edək ki, sabiq kommunist ölkəsinin namizədlik statusu haqqında qərar indiyədək 3 dəfə ləğv olunub. Tirana namizədlik statusu əldə etmək üçün ilk dəfə 2008-ci ildə müraciət edib. Hökumət və müxalifət arasındakı gərgin münasibətlər, xüsusən mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində islahatların icra olunmamasına görə müraciət qəbul olunmamışdı.

 





25.06.2014    çap et  çap et