Vaxt.Az

Məşhur modelyerdən baş nazirə irad


 

Corcio Armani: «Özünü cavan oğlan kimi aparmağın mənası yoxdur»

Məşhur modelyerdən baş nazirə irad «Telegraph» xəbər verir ki, məşhur modelyer Corcio Armani İtaliyanın baş naziri Matteo Renzini geyim tərzinə görə tənqid edib. Armani baş nazirə Barak Obamadan ibrət götürüb, qalstuk bağlamağı məsləhət görüb.


79 yaşlı italyan modelyer 39 yaşlı Renzini ölkəsinin ən gənc baş naziri kimi tərifləyib. «Florensiyanın meri olanda, o birdən-birə baş nazir olmağı bacardı, çox bacarıqlı olub», - Armani deyib.

Armani bildirib ki, Renzi ağ köynəyi qalstuksuz geyinməkdən əl çəkməli, başqa dünya liderləri kimi müasir üsluba keçməlidir. «Özünü cavan oğlan kimi aparmağın mənası yoxdur. Mən olsaydım, qalstuk bağlayardım. Qalstukla köynək çox cazibədar görünür», - ABŞ prezidentini misal çəkərək o deyib.

Xatırladaq ki, fevral ayında da Renzi kabinetinə təyin olunmuş 8 qadın nazir açılış mərasimindəki geyim tərzlərinə görə tənqid olunmuşdular. Stilistlərdən biri Armaniyə zəng etməyi təklif etmişdi. Bu isə siyasətçi qadınlara qarşı cinsi ayrı-seçkiliyə görə əks reaksiyaya səbəb olmuşdu. Modabaz İtaliyada hətta baş nazir bir neçə dəfə ölkənin «moda polisinin» tənqidinə tuş gəlib.

İtaliyanın «5 Ulduz Hərəkatı»nın rəhbəri, sabiq komik aktyor Beppe Qrillo baş nazirin dəri pencəkləri xoşlamasına sataşıb. Beppe Qrillo «Xoşbəxt Günlər» adlı serialdakı «Fonzie» obrazına oxşadaraq, Renziyə «Renzie» deyib.

İtaliyan modasının münsifi hesab olunan Armani öz tənqidi ilə baş naziri daha çox sancıb. «Emporio Armani yaz-yay 2015 kişi geyimləri kolleksiyası» şou proqramından sonra danışan Armani bildirib ki, baş nazir ən son çıxan dəbi izləməkdənsə, öz «toppuş» bədəninə uyğun geyinsə, yaxşı olar.

«Azacıq dəbə uyğun olsun. Bir az dəyişiklik bəsdir. Çox sıxıcı olmasın», - o deyib.

 





25.06.2014    çap et  çap et