Vaxt.Az

Rumıniyada «istefa» tələbləri


 

Prezident Basesku qardaşına və kürəkəninə görə cəzalandırılır

Rumıniyada «istefa» tələbləri Baseskunun qardaşı və kürəkəni mafiyadan rüşvət aldıqlarına görə həbs olunublar. Rumıniya parlamentariləri buna görə iyunun 25-də prezident Trayan Baseskunun istefasını tələb ediblər. Məlumatı «İ24 News» xəbər portalı yayıb.


588 parlamentaridən 344-ü məcburi olmayan bəyannamənin lehinə səs verib. Bildiriblər ki, ««Rumıniyanın etibarını» bərpa etmək üçün Basesku mütləq istefa verməlidir».

Hakimiyyəti dövründə korrupsiya ilə mübarizə aparan Basesku qardaşı və kürəkəni rüşvət aldıqdan sonra pərt olub.

Qeyd edək ki, iyunun 25-də 17 parlamentari səsvermədən imtina edib. Baseskunu dəstəkləyən iki mərkəz-sağ partiyanın parlamentariləri isə  səsvermədə iştirak etməyiblər.

«Prezident Basesku bundan sonra prezident aparatının nüfuzu, müstəqilliyi və qanuniliyinə zəmanət verə bilməz. Ona görə də biz onun dərhal istefa verməsini tələb edirik», - deyən qanunvericilər prezidentin qardaşının «çox ciddi rüşvətxorluqda» əli olmasına hiddətləniblər.

Buna baxmayaraq, Basesku öz səlahiyyət müddətinin sonuna kimi geri çəkilmək istəmədiyini göstərib. Onun prezidentlik müddəti noyabr seçkilərində sona çatır.

Xatırladaq ki, prezidentin kiçik qardaşı Mirça iyunun 20-də həbs olunmuşdu. O, qəsdən adam öldürməyə cəhdə görə məhkəmədə mafiya başçısı Sandu Anheldən 340 min dollar alıbmış. İttihamçılar bildiriblər ki, Mirça mafiya başçısına prezidentlə əlaqəsindən istifadə edib, məhkəmə qərarını ləğv edəcəyini deyib. Ali Məhkəmənin may ayındakı çıxardığı hökmlə Anhelə 8 il 9 ay həbs cəzası verilib.

İyunun 23-də mətbuat konfransında Basesku heç vaxt məhkəmənin işinə qarışmadığını və rüşvətdən xəbəri olmadığını bildirib.

Bu həftə prezidentin vəkil kürəkəni Radu Prikopun istintaqa cəlb olunması onun narahatlığını bir az da artırıb. Radu Prikop Rumıniyanın sabiq kommunist rejimində əmlakı mənimsəməklə vurulan milyonlarla avroluq ziyana görə kompensasiya almaq üçün saxta sənədlərdən istifadə edib.

 





27.06.2014    çap et  çap et