Vaxt.Az

İtaliya ittifaqın başına keçir


 

Yeni sədrin prioriteti miqrant problemidir

İtaliya ittifaqın başına keçir İyulun 1-də Yunanıstanın Avropa İttifaqının Şurasına altı aylıq sədrliyi başa çatıb. Sədrlik İtaliyaya keçib. İtaliya sədrliyinin əsas prioritetləri iqtisadiyyatın inkişafı və Aralıq dənizi hövzəsində son zamanlar böhran səviyyəsinə çatan miqrasiya probleminin həlli olacaq. Yalnız bu il ərzində, Şimali Afrikadan İtaliya ərazisinə gəmi ilə 50 mindən çox qeyri-qanuni miqrant keçib.


Xatırladaq ki, Yunanıstanın Aİ Şurasına sədrliyi yanvarın 1-də başlamışdı və 57 nazirlər şurası iclası, 67 siyasi saziş, Albaniyanın Aİ üzvlüyünə namizədliyinin təsdiqatı və Aİ üçün ümumi dəniz təhlükəsizliyi siyasətinin qəbul olunması ilə yadda qalıb.

Yunanıstanın baş naziri Antonis Samaras Afinada çıxış edərkən, Yunanıstanın «iqtisadiyyatın və bank birliyinin inkişafı siyasətini və strategiyasını» müəyyənləşdirdiyini bildirib. O, həmçinin bildirib ki, Yunanıstan qonşusu İtaliyanı sədrlik dönəmində dəstəkləyəcək.

İtaliyanın Aİ Şurasına sədrliyi Avropa Komissiyası və Avropa Parlamentinin prezidentlərinin təyin edilməsi dönəminə düşdüyü üçün, xüsusi əhəmiyyət daşıyır.

Qeyd edək ki, İtaliyanın baş naziri Matteo Renzi «Avropa Birləşmiş Dövlətləri» ideyasını dəstəkləməsi ilə seçilib. «Uşaqlarımın gələcəyi üçün, mən Avropa Birləşmiş Dövlətləri arzulayıram və bu istiqamətdə işləyirəm», - deyə, o bildirib.

Xatırladaq ki, İtaliyadan sonra, 2015-ci ilin birinci yarısında Aİ Şurasına Latviya, 2015-ci ilin ikinci yarısında isə Lüksemburq sədrlik edəcəklər.

 





01.07.2014    çap et  çap et