Vaxt.Az

Sanksiyalar təxirə salındı


 

«Bu mərhələdə dəqiq söz söyləmək çətindir»

Sanksiyalar təxirə salındı Rusiyaya verilən vaxt sona çatsa da, Avropa İttifaqı (Aİ) ölkələri «müsbət irəliləyişlərə» görə ölkəyə əlavə sanksiyalar tətbiq etməyəcək. İyulun 1-də Aİ ölkələrinin Brüsseldə toplaşan səfirləri qərarı gələn həftəyədək təxirə salıblar. Məlumatı «EUobserver» yayıb.


«Biz girovların sərbəst buraxılmasını tələb etdik və onların bir hissəsi azad edildi. Ukrayna və Rusiya liderləri arasında Fransa və Almaniyanın iştirakı ilə yeni danışıqlar baş tutdu. Bunların ardınca atılacaq digər addımları da görmək istərdik», - ATƏT-in 4 müşahidəçisinin azad olunmasına istinad edən Aİ diplomatlarından biri deyib.

«Vəziyyətin məqbul və ya yolverilməz olduğu bizə tam aydın deyil. Bu mərhələdə dəqiq söz söyləmək çətindir», - ikinci Aİ diplomatı bildirib.

 »Rusiya-Ukrayna sərhəd keçid məntəqələrində də müəyyən irəliləyişlər var. Olanların çoxu mətbuatda əks olunmur», - üçüncü Aİ diplomatı əlavə edib.

Xatırladaq ki, iyunun 27-də Aİ liderləri rusyönümlü qiyamçılardan «bütün» girovları azad etməyi, 3 sərhəd məntəqəsini təhvil verməyi, xarici müşahidəçiləri bölgəyə buraxmağı və 30 iyuna qədər sülh danışıqlarına başlamağı tələb etmişdilər. Liderlər əks təqdirdə Rusiyanın yeni sanksiyalarla üzləşəcəyini bildirmişdilər.

Üsyançılar 100 girovu və sərhəd keçid məntəqələrini hələ də əllərində saxlayıblar. Sadalanan tələblərə baxmayaraq, münaqişə zonasında heç bir müşahidəçi yoxdur.

İyunun 30-da isə Ukrayna atəşkəsə son qoyub. Ukrayna qüvvələrinin separatçılara hücumu davam edib. Rusiya sülh danışıqlarının «müvəffəq» olmadığını bildirib.

«Biz buna müvəffəq olmadıq. «Biz» deyəndə, mən avropalı həmkarlarımı və özümü nəzərdə tuturam. Biz Ukrayna prezidentini təhlükəsiz, stabil və davamlı sülhün müharibə yolu ilə əldə oluna bilməməsinə inandıra bilmədik», - Putin iyulun 1-də Moskvadakı çıxışında bildirib.

Qeyd edək ki, ötən həftəki xəbərdarlıqlar Ukraynanı Aİ-nin ciddi addımlar atacağına ümidləndirmişdi. «Mənə Ukrayna mətbuatından hər gün zəng olunur. Sanksiyaların nə vaxt tətbiq olunacağını soruşurlar. Onlara nə cavab verəcəyimdən əmin deyiləm», - Aİ-nin Ukraynadakı missiyalarından birinin nümayəndəsi bildirib.

İyunun 27-də Aİ-nin Ukrayna ilə azad ticarət haqqında sazişi imzalaması Xarici İşlər Nazirliyində də ümidləri artırıb. «Sazişi imzalandıqdan bəri Aİ Ukraynada baş verənlərlə bağlı məsuliyyətin bir hissəsini öz üzərinə götürüb», - Ukraynanın Aİ səfiri Kostantin Yeliseyev «EUobserver» agentliyinə bildirib.

«İlk dəfədir ki, Avropa İttifaqı sanksiyalarla bağlı şərtlərini tam aydın bildirdi. Ona görə də «pacta sunt servanda», yəni bu tələblərə əməl olunmalıdır. Bunlardan birinə əməl olunmasa, sanksiya tətbiq olunacaqdır», - Yeliseyev deyib.

«Aİ təkcə şərtləri hazırladığını deyil, lazım gəlsə, onları icra edə bildiyini sübut etməlidir. İtaliyanın Rusiya ilə işgüzar əlaqələrinin ciddiliyindən asılı olmayaraq, biz bu sahədə İtaliyanın sədrliyinə çox güvənirik», - Rusiyaya qarşı sanksiyaların əleyhinə olan və iyulun 1-də Aİ sədrliyini qəbul edən İtaliya ilə bağlı səfir bunları deyib.

 





02.07.2014    çap et  çap et