Vaxt.Az

Noutbukların da sonu gəlir…


 

Azərbaycanın kompüter bazarını Çin məhsulları «işğal» edib

Noutbukların da sonu gəlir… Kompüterlər digər elektron vasitələrdən 20 faiz daha az satılsa da, hələ də internet istifadəçiləri arasında ən məşhur elektron cihaz hesab olunur. Planşet və telefonların istehsalı kompüterlərin istifadəsinin azalmasına səbəb olub. Böyük Britaniyanın Texnologiya, Media və Telekommunikasiya şirkəti Deloitte Touche Tohmatsu Limited (DTT) qeyd edir ki, 2013-cü ildə internet əlaqələrinin 80 faizinin dizüstü və masaüstü kompüterlər vasitəsi ilə həyata keçirilib. Şirkət açıqlamasında bildirir ki, insanlar digər elektron cihazlarla müqayisədə kompüter başında 70 faiz daha çox vaxt keçirirlər.


Mobil telefonlardan sonra ikinci ən çox istifadə olunan cihaz planşetlər hesab olunur. Bu elektron avadanlığın istehsalı kompüterlərin bazardakı payına ciddi təsir göstərib. Amerikanın Pew araşdırma mərkəzinin verdiyi məlumata görə, android planşetlərin 2011-ci ildə bazardakı payı 21, 2012-ci ildə isə 48 faiz olub. Dünyada isə 150 milyon insan planşet istifadəçisidir.  IDC analitik şirkətinin araşdırmasına görə 2011-ci ildə 70,9 milyon planşet satılıb. Bunun 57,2 faizini iPad modelləri, 38,9 faizini Android qurğular təşkil edib. 2012-ci ildə bu rəqəm 117,1 milyon ədədə çatıb. Şirkət 2013-cü ildə planşet kompüterlərə tələbatın 165,9 milyona çatacağını qeyd etmişdi. Onların hesablamalarına görə iOS, Android və Windows əməliyyat sistemlərinin payı müvafiq olaraq 60,7, 32,7 və 6 faiz olub. Analitiklərin fikrincə, 2016-cı ildə dünya planşet bazarının həcmi 260 milyon ədədi ötəcək: «Əvvəlki kimi birincilik 58,1 faiz payla yenə də iPad planşetlərinə məxsus olacaq. Androidin payı 30,5 faizədək azalacaq, habelə Windows-planşetlər sahə üzrə 10,9 faiz paya sahib çıxacaq».


«Planşetlərin ucuzlaşdığı gözlənilsə də, noutbukların qiyməti dəyişməyəcək»


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin internet səhifəsində yer alan məlumata görə, «NPD DisplaySearch» tədqiqat şirkəti dünya mobil kompüterlər bazarı üzrə proqnoz tərtib edib. Tədqiqatçılar tərtib etdikləri siyahıya noutbuk və ultrabukları və planşet kompüterləri daxil ediblər. Ekspertlərin fikrincə, planşetlərin qiymətinin yaxın illər ərzində ucuzlaşacağı proqnozlaşdırılsa da, noutbuklarda qiymət azalması gözlənilmir. Onların proqnozlarına əsasən, 2014-cü ildə dünya üzrə planşetlərin tədarükü 315 milyon, 2017-ci ildə isə 455 milyon ədədədək artacaq. Bu zaman ərzində isə planşetlərin bazardakı payı 65-dən 75 faizədək yüksələcək, orta qiyməti 311 dollardan 296 dollaradək azalacaq. «NPD DisplaySearch»in baş analitiki Riçard Şimin sözlərinə görə, məhz qiymətin aşağı düşməsi planşetlərin artımının əsas amillərindən biridir: «Tələbatın artması texnologiyaların inkişafına və rəqabətin sürətlənməsinə zəmin yaradacaq. Hazırda ənənəvi kompüter istehsalçılarının əksəriyyəti, o cümlədən «Lenovo», «HP» və «Dell» şirkətləri planşet istehsalına üstünlük verir» R.Şim qeyd edib ki, 2013-cü ilin ikinci yarısı istehsalçılar üçün gözlənilmədən zəif olduğundan onlar bu il üçün noutbukların buraxılışı üzrə proqnozu 7 faiz azaldıblar. Ötən il 155 milyon noutbuk və 26 milyon ultrabuk istehsal olunub. Üç ildən sonra mütəxəssislərin fikrincə bu göstərici müvafiq olaraq 105 və 57 milyona çatacaq. 2014-cü ildə portativ kompüterin orta qiymətinin 2013-cü ildəki 667 dollardan 693 dollaradək artacağı gözlənilir. Ultrabukların da qiyməti 885 dollardan 936 dollaradək bahalaşacaq.


«Azərbaycanda kompüter istehsalı 67 faiz azalıb»


Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin yanvar-fevral ayları ilə müqayisədə bu il kompüter və digər elektron avadanlıqlarının istehsalı 67,3 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 53,2 faiz artıb. «Global Stats» Statistika Mərkəzinin mətbuata verdiyi məlumata görə, ölkəmizdə stolüstü kompüterlər bazarının payı 68,94 faizdir. Keçən illə müqayisədə ölkədə stolüstü kompüterlərin satışı azalıb, portativ kompüterlərin (noutbuklar, netbuklar) isə satışı artıb. Statistika Mərkəzinin reytinqində üçüncü yerdə duran planşetlərin satışında 92 faiz artım olub.


Planşet, yoxsa kompüter?


İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə mütəxəssis, proqramçı Pyotr Kutovenko deyir ki, planşetlərin istehsalı kompüter satışına çox ciddi təsir göstərib. Onun sözlərinə görə, bu gün mağazalarda ən çox satılan kompüter modelləri «Samsung» firmasının məhsullarıdır: «Noutbukların satışı netbuklara nisbətən daha çoxdur. Ümumiyyətlə, artıq Azərbaycana heç bir ölkədən netbuklar gətirilmir. Çünki bu məhsullar çox problemli olur. Kompüterlərin qiymətinə gəlincə, 300 manatdan başlayaraq 2500 manata qədər davam edir. Ən etibarlı marka «HP» firmasının məhsullarıdır. Ancaq qiymətə uyğun olaraq istənilən firmanın məhsulunu əldə etmək olar».

Proqramçı bildirir ki, hazırda bütün kompüterlər ölkəmizə Çindən gətirilir. İstifadəçilərin demək olar ki, elə çox şikayəti olmur: «Ən çox şikayət olunan marka «Samsung»dur. Keyfiyyətsiz olduğundan qiyməti də aşağıdır. Ən yaxşı noutbuklar «HP», «Asus», «Toshiba» firmasının məhsullarıdır. Onlarla bağlı demək olar ki, heç şikayətlər olmur. Çünki məhsullar keyfiyyətlidir».

Kompüter satışı ilə məşğul olan proqramçı Samir Hüseynov da ən çox satılan kompüter markalarının «Toshiba», «HP», «Acer» modelləri olduğunu deyir. Onun fikrincə, planşetlərin istehsalı kompüterlərin satışına kifayət qədər təsir göstərib: «Əvvəllər desktop kompüterlərin satışı normal idi. İndi isə bu kompüterlərin satışı demək olar ki, yox səviyyəsindədir. Planşetlərdən öncə kompüter almağa gələn insanlar təkcə «Skype» vasitəsi ilə danışığın olmasını istəyirdilərsə, indi təkcə bununla qane olmurlar. Aldıqları məhsulun bir çox funksiyasının olmasını istəyirlər. Buna görə də planşetlərin satışı artıb. Ancaq ofis proqramları, sənəd işləri kimi əməliyyatların həyata keçirilməsi üçün noutbuk qaçılmazdır. Planşetdə bu işləri həyata keçirmək çətindir».

S.Hüseynovun sözlərinə görə, ölkəmizdə yeni kompüterlərin satışına başlanılıb. Əvvəllər baha qiymətə satılan bu kompüterlər indi ucuz qiymətə mağazalarda var: «Bu kompüterlərin ekranı planşetdə olduğu kimidir. Sensor vasitəsi ilə ekranı hərəkət etdirmək mümkündür. Düzdür, bu kompüterlər çoxdan istehsal olunub. Ancaq bizdə qiyməti çox baha idi. Zaman keçdikcə qiymətlərdə dəyişiklik oldu. Hal-hazırda ucuz qiymətə mağazalarda satılır».


Bəs Dubaydan alınan  kompüterlər keyfiyyətlidirmi?


«İstifadə etdiyim kompüter «Toshiba» firmasınındır. Düzü, Azərbaycanda bu modeli mənə çox baha qiymətə dedilər. Mən də tanışımız vasitəsi ilə Dubaydan sifariş etdim. Artıq bir ildən çoxdur ki, istifadə edirəm. Heç bir problem də yaşamamışam» - deyir 20 yaşlı tələbə Leyla Ağayeva. O, dərslərini hazırlamaq üçün planşetdən faydalana bilmədiyini qeyd edir. Onun sözlərinə görə, noutbuk ona lazım olan ağır funksiyaların yerinə yetirilməsini təmin edir: «Kompüteri alarkən çox tərəddüd etdim. Ancaq heç də mağazada zəmanətlə satılan mallardan geri qalmır».

Proqramçı S.Hüseynov Dubaydan alınan kompüterlərə firmaların beynəlxalq zəmanət verdiyini deyir. Onun sözlərinə görə, yalnız məhsulun Dubayda hansı mağazadan alınmasında fərq var. Yoxsa alınan məhsullara firma dünya üzrə beynəlxalq zəmanət verir: ««HP», «Toshiba» firması modellərinə beynəlxalq zəmanət verir. Yəni Dubaydan alınan məhsulda hər hansı bir problem olarsa, firmanın paytaxtdakı servis mərkəzlərində problem həll olunur. Desktop kompüterlərin təmiri daha rahat və ucuz başa gəlir. Amma noutbuklarda bu proses daha çətin və bahalı olur. Onun hər hansı detalını dəyişmək çətin məsələdir. Müqayisə üçün deyim ki, noutbuklar desktop kompüterlər qədər davamlı olmur. Kompüterlərdən olan şikayətlərin çoxu proqram təminatı ilə bağlıdır. Başı çıxmayan şəxslər müxtəlif proqramlar yükləyirlər, sonra da kompüter çökür.»


«Kompüterin hər yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur»


Nevrologiya Klinikasının rəhbəri, nevroloq Rövşən Həsənov «Rabitə dünyası»na verdiyi müsahibədə kompüterlərdən istifadə zamanı diqqətsizlik ucbatından yarana biləcək fəsadları açıqlayıb: «Boyun fəqərələrinin yırtığı, tendinit, karpal tunnel sindromu və miofassial ağrı sindromu... Bu xəstəliklər gündəlik həyatdakı bəsit hərəkətlərin belə edilməsinin qarşısını ala biləcək qədər ciddi ölçülərə çata bilir. Kompüterlərin istifadəsi zamanı işlərin yerinə yetirilməsinin sürətinin artması özü iş sıxlığının artmasına gətirir. İstifadəçilərin ekran qarşısında çox vaxt keçirmələri və buna bağlı fiziki aktivliyin aşağı olması, kompüterin həddindən artıq və yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur».

Psixoloq Dəyanət Rzayev də «BizimYol»a açıqlamasında insanın taktil münasibətlərə daim ehtiyacı olduğunu deyir. Psixoloqun sözlərinə görə, kompüterlər və planşetlərin hədsiz istifadəsi övlad-valideyn münasibətlərinə ciddi təsir göstərib: «Təbii ki, insan üçün travmadır. Gələcəkdə valideynlər kompüter və planşetlərə ayırdıqları vaxtı övladlarına ayırmadıqları üçün və ya əksinə, övlad həmin vaxtı valideyninə ayırmadığı üçün günahkarlıq hissi keçirəcək. Bunun nəticəsində insanda natamamlıq kompleksi yaranır».

Psixoloq davamlı kompüter və planşetlərdən istifadə edənlərin bir neçə il sonra xəstəlik kimi ayrıca qruplaşdırılacağını deyir. Onun fikrincə, kompüter asılılığı hazırda xəstəlik kimi qeydə alınmasa da, 4-5 il içində ayrı bir xəstəlik kimi sinifləndiriləcək: «Alkoqolizm, narkotik kimi bu asılılıq da ayrıca öz yerini alacaq. Bu gün insanlar kompüter asılılığına adi baxırlar. Problemin ciddiyyətini dərk etmirlər. Bu xəstəliyə tutulanların xüsusi müalicəyə ehtiyacı olacaq». (bizimyol.info)

 





05.07.2014    çap et  çap et