Vaxt.Az

Xaricdə oxumuş nadan


 

9 milyon alan BDU hər il 4 minə, 10 milyon manatdan artıq xərclənən proqramdasa 400-ə yaxın məzun buraxılır

Xaricdə oxumuş nadan İndi azərbaycanlıların dövlət hesabına xaricdə ali təhsil alması bir növ özfəaliyyət yaradıcılığına bənzəyir. Xaricdə oxumaq istəyən azərbaycanlı abituriyent hər şeyi özü həll etməlidir. Özü üçün ali məktəb seçməlidir, sənədlərini ora göndərməlidir, lazımi yazışmalar aparmalıdır və müvafiq dil imtahanları verməlidir.

Bütün bu prosedurlardan uğurla keçərsə, ona qəbul olması ilə bağlı bildiriş gəlir. Bundan sonra o, təhsil haqqının təmin edilməsi üçün müvafiq dövlət qurumlarına müraciət edir.

ANS PRESS-in araşdırmasına görə, dövlət qurumlarına müraciət də çoxpilləlidir. İlk öncə abituriyent Təhsil Nazirliyi yanında fəaliyyət göstərən komissiyaya müraciət etməlidir. Həmin komissiyadan keçdikdən sonra o, bu sahədə yekun qərar verən Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Komissiyasına üz tutmalıdır. Məhz bundan sonra komissiya onun xaricdə oxumasını maliyyələşdirib-maliyyələşməmək barədə qərar verir.

Göründüyü kimi, Xarici Ölkələrdə Təhsil üzrə Dövlət Komissiyasında heç bir planlaşdırma aparılmır və bu barədə komissiyanın saytındakı ən populyar suallara cavab bölməsində bildirilir: «Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul həyata keçirilmir. Yalnız xarici ali təhsil müəssisələrinə qəbul olunmuş və yaxud artıq orada təhsil alan tələbələr təhsilləri ilə bağlı xərclərin qarşılanması məqsədilə Dövlət Proqramına müraciət edə bilərlər».

Bu, hər il milyonlarla dollar xərclənərək gerçəkləşdirilən «Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın ilkin nəzərdə tutulan məqsədindən xeyli yan keçir. Proqram barədə ilk söhbətlər ortaya atılarkən hamı düşünürdü ki, söhbət test imtahanlarında ən yüksək bal toplamış gənclərin xaricə göndərilərək Azərbaycan üçün lazım olan ixtisaslarda təhsil almasından gedir.

Amma reallıq budur ki, indi xaricdə oxuması maliyyələşdirilən gənclərin testdə qazandığı nəticələrinin bu məsələyə heç bir dəxli yoxdur. Sadəcə həmin gəncin və ya onun əvəzindən bu işi görən adamın müvafiq xarici universitetlərlə peşəkar səviyyədə yazışması lazımdır və onları inandırması lazımdır. Adətən xarici ali məktəblər orta məktəb nəticələrinə və abituriyentin müəyyən səviyyədə dil bilməsinə üstünlük verirlər ki, Azərbaycan reallığında buna əsasən maddi imkanı güclü və savad səviyyəsi elə də yüksək olmayan gənclər nail olurlar. Əsas fikrini testi vermək üçün biliklərin öyrənilməsinə yönəldən orta təbəqə uşaqları isə adətən dil məsələsində axsayırlar.

Məhz bunun nəticəsidir ki, indi dövlət hesabına xaricdə oxumuş, amma intellekti ilə heç bir üstünlüyü olmayan «gül bala»lara tez-tez rast gəlinir. İmkanlı ailələr övladlarını hansısa «gəlirli» işlərə yerləşdirmək üçün artıq bu yolu seçirlər. Hər halda, xaricdə oxumaq məsələsi, yarımsavad olsa belə, kadrın mötəbərliliyini artırır.

Xaricdə dövlət maliyyəsi hesabına alınan təhsilin Azərbaycan üçün yeni olan bir tərəfi də yoxdur. «Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın saytında Azərbaycan abituriyentlərinin ala biləcəyi ixtisasların siyahısı verilir: baytarlıq; biologiya; biznesin idarə olunması; fizika; iqtisadiyyat; informasiya texnologiyaları; insan resurslarının idarə olunması; kənd təsərrüfatı; kimya; klassik Avropa musiqisi; qədim dillər; mühəndislik; nanotexnologiyalar; neft sənayesi; riyaziyyat; təhsilin təşkili və idarə olunması; tibb; turizm.

Göründüyü kimi, əksəriyyəti Azərbaycanda tədris edilən ixtisasların təkrarıdır. Onların içində qədim dillər və nanotexnologiyalar kimi Azərbaycana lazım ixtisaslar olsa da araşdırma göstərir ki, bu cür ixtisasları seçənlərin sayı yetərincə azdır. İlindən asılı olaraq dövlət vəsaiti hesabına xaricdə oxuyanların 30-40 faizi tibbi, 20-30 faizi 10-15 faizi neft mühəndisliyini, 10-15 faizi isə informasiya texnologiyalarını, 10-15 faizi də humanitar elmləri seçir.

Göründüyü kimi, Azərbaycana çox lazım olan və burda tədris edilməyən müasir dövr ixtisaslarına heç yer qalmır. Dövlət proqramı hansısa imkanlı ailələrin daha da varlanmasına, «biznes»inin çiçəklənməsinə xidmət edir.

O zaman külli miqdarda dövlət vəsaitlərinin sərf edildiyi bu proqrammı gerçəkləşdirməyə nə ehtiyac var?

Araşdırmalar göstərir ki, bu istiqamətdə heç də az pul xərclənmir. Dövlət Neft Fondunun (ARDNF) yaydığı məlumata görə, proqramının maliyyələşdirilməsi məqsədilə 2008-2014-ci illər ərzində ARDNF tərəfindən ümumilikdə 92 milyon 978,26 min manat pul xərclənib. Bunun 5 milyon 180,67 min manatı təkcə 2014-ci ilin birinci yarımilliyində ödənib. Proqram çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış xərcləri, təhsil haqqı, yol, sığorta, viza və qeydiyyat məsrəfləri də ödənilib. İndiyə kimi proqramdan 2600-dən artıq abituriyent yararlanıb və artıq 600-ə yaxın adam məzun olub. 1900-ə yaxın adam isə təhsilini davam etdirir.

Göründüyü kimi, bu, kiçik bir ali məktəbin tələbələrinin sayına bərabərdir. Amma proqrama xərclənən pullar Azərbaycanın ən iri ali məktəbi olan Bakı Dövlət Universitetinə (BDU) ayrılan büdcə vəsaitindən çoxdur. 2013-cü ildə dövlət büdcəsindən BDU-ya 9 milyon manat vəsait ayrılıb, «Xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın illik xərcləri 11 milyon manata yaxındır. İldə 9 milyon manat alan BDU hər il 4 minə yaxın məzun yetişdirir, 10 milyon manatdan artıq xərclənən proqramın məzun sayı isə 400-ü keçmir. Və bu da təbiidir - xaricdə təhsilin illik xərc bəzən 40 min dollara qədər yüksəlir. Bundan əlavə, xaricdə oxuyan tələbələr ölkəsindən asılı olaraq ayda 2 min manata yaxın yaşayış xərci verilir.

Bu qədər xərc çəkilib oxudulan məzunların Azərbaycana qayıdıb-qayıtmamasına fikir verən də yoxdur. Qaydaya görə, xarici ali məktəbdən məzun olmuş şəxs 2 ay müddətinə Azərbaycana qayıtmalıdır, əks halda ona qarşı cinayət işi qaldırıla bilər. Yəni bu şərti hamı yerinə yetirir. Məsələ bundan sonra başlayır. Ölkəyə qayıdan məzun burada iş tapmadıqda geri qayıtmağa məcbur olur. Düzdür, son illər İqtisadi İnkişaf Nazirliyi xaricdə oxumuşlar üçün əmək yarmarkaları keçirir, şirkətlərdə və hökumət qurumlarında onların yerləşdirilməsinə çalışır.

Amma bu heç də problemin kökündən həlli deyil. Dövlət hesabına məhz dövlətə lazım olan və gələcəyə ünvanlanmış ixtisasların tədrisi gerçəkləşdirilməlidir. Sovet keçmişində mərhum prezident Heydər Əliyevin 1970-80-ci illərdə əsasını qoyduğu Azərbaycandan kənarda ali təhsil proqramı buna örnək ola bilər.

Həmin vaxt bu proqram məhz qəbul prosesində həyata keçirilirdi. Yüksək nəticə göstərmiş gənclər seçilirdi, onlara müəyyən müddət dil hazırlığı keçilirdi və SSRİ-dən kənara, yaxud digər sovet respublikalarına Azərbaycana lazım olan ixtisaslara oxumağa göndərilirdi. Buna görə də onların geri qayıdanda harada işləməsi ilə bağlı problem yox idi. Bizcə, Azərbaycan məmurları 40 il əvvəlki bu praktikadan örnək götürməlidir.

Utanmayın, cənablar, Azərbaycan SSR Dövlət Plan Komitəsinin o vaxt həyata keçirdiyi proqramla tanış olun. Qərblilər belə sizi novator sayarlar. Hər halda atalar demişkən, ən yeni yenilik ən köhnə köhnəlikdir. 

 





06.08.2014    çap et  çap et