Vaxt.Az

«Dövlətimizin imkanları artdıqca, ...»


 

Əli Həsənov: «Heydər Əliyev özünü tənzimləyən medianın təməlini qoydu»

«Dövlətimizin imkanları artdıqca, ...» «Azərbaycanın müstəqil mediası 2014-cü ildə inkişaf edib və Azərbaycanda kütləvi informasiya vasitələrinə dövlət dəstəyi bəhrəsini verib».

Vaxt.az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimindəki çıxışında deyib.

Ə.Həsənov bildirib ki, görülən tədbirlər mahiyyət etibarilə ona xidmət edir ki, Azərbaycanın daxili həyatının mühüm tərkib hissəsi olan, dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən söz və məlumat azadlığı davamlı şəkildə inkişaf etsin, cəmiyyət həyatının, daxili sistemin ayrılmaz tərkib hissəsinə çevrilsin. Azərbaycan mediası ölkədə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, hökumətin fəaliyyətini, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst şəkildə təhlil etsin, heç bir kənar müdaxilə olmadan istədiyi informasiyanı toplasın, ictimaiyyətin diqqətinə təqdim etsin və əhalinin rəyini müvafiq olaraq öz səhifələrində əks etdirərək hakimiyyətə çatdırsın.

PA rəsmisi qeyd edib ki, heç kim Azərbaycanda söz və məlumat azadlığı, KİV-in müstəqilliyi sahəsindəki mövcud vəziyyətin dünyanın hansısa ölkəsindəki vəziyyətdən pis olduğunu deyə bilməz: »Heç kim deyə bilməz ki, Azərbaycanda hansısa jurnalist azad şəkildə bu və ya digər hadisələr, proseslər haqqında sərbəst informasiya toplamaq, onları öz auditoriyasına təqdim etmək, ictimai müzakirəsini təşkil etmək və bu müzakirələrin nəticələri haqqında cəmiyyətə öz mesajlarını çatdırmaq imkanında deyil.

Heç kim deyə bilməz ki, bu sahədə fəaliyyət göstərən hər hansı jurnalist indiyə qədər dövlət tərəfindən və yaxud, dövlətin ayrı-ayrı strukturları tərəfindən təzyiqlərə məruz qalıb. Lakin təəssüflər olsun ki, bu gün dünyada Azərbaycanda təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühitini qaralamağa çalışan müxtəlif qeyri-hökumət təşkilatları və ayrı-ayrı beynəlxalq dairələr mövcuddur. Bilirsiniz ki, Azərbaycanda azad milli medianın təməli hələ 1875-ci ildə böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulub. Ondan sonra ayrı-ayrı dövrlərdə Azərbaycan mediası müxtəlif inkişaf mərhələləri keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

Bu mərhələdə ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Məhz Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan mediası nəinki ölkənin aparıcı institutlarından birinə çevrildi, eyni zamanda regionun və dünyanın qabaqcıl nümunələri sırasına daxil oldu. Ümummilli liderin 1998-ci il avqustun 6-da imzaladığı fərman Azərbaycanda azad, kənar təsir olmadan özünü tənzimləyən medianın təməlini qoydu. 2008-ci ildə Azərbaycan prezidenti İlham Əliyev ümummilli liderin yolunu davam etdirərək «Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nı təsdiq etdi və medianın inkişafına dəstəyi dövlət siyasəti səviyyəsinə qaldırdı. 2009-cu ildə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu günə qədər azad medianın inkişafına öz önəmli töhfələrini verir».

Ə.Həsənov bu gün Azərbaycanın üzərinə gələn bəzi beynəlxalq dairələrin məqsədyönlü şəkildə söz və məlumat azadlığından sui-istifadə etdiyini və jurnalistlərin konkret istiqamətə yönəltdiyini diqqətə çatdırıb: »Bu gün böyük dövlətlərdə baş verən hadisələr həmin ölkələrin bəlli dairələrinin senzurasından keçirilərək onlara məxsus transmilli media vasitəsilə dünyaya təqdim olunur. Üstəlik, həmin transmilli media ayrı-ayrı müstəqil ölkələrdə, məsələn, müsəlman dövlətlərində baş verən hadisələri də həmin dairələrin maraqları prizmasından dünyaya çatdırmaq istəyir. Məgər dünyada siyasi plüralizm, media plüralizmi təkcə bir neçə transmilli media orqanına aid olan dəyərdirmi? Məgər dünyada baş verən hadisələri işıqlandırmaq baxımından Azərbaycandakı jurnalistlərlə həmin o böyük dövlətlərdə yaşayan jurnalistlərin hüquqları eyni deyilmi?»

PA rəsmisi təəssüflə vurğulayıb ki, bu gün bəzi beynəlxalq və xarici jurnalist qurumları ayrı-ayrı ölkələrdə media azadlığının vəziyyətini qərəzli şəkildə təhlil edir, ortaya heç bir reallığa uyğun gəlməyən siyahılar qoyurlar: »Müxtəlif kiçik dövlətlərin siyasətinə təsir göstərmək məqsədilə bu və ya digər təzyiq mexanizmləri işə salınır. Ancaq bu gün biz qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda azad media formalaşıb, inkişaf edir və bundan sonra da inkişaf edəcək. Azərbaycan dövləti özünün daxili həyatını azad mediasız təsəvvür etmir və cənab İlham Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduqca, belə də davam edəcək. Azərbaycan cəmiyyəti azad medianın nə olduğunu çoxdan bilir. Bu dəyər Avropa və dünya ölkələrinin bir çoxundan əvvəl Azərbaycan mediasının və jurnalistlərimizin qəlbinə hakim kəsilib».

Ə.Həsənovun sözlərinə görə, Azərbaycan dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin olunur: «Bildiyiniz kimi, dövlətimizin başçısının müvafiq sərəncamına əsasən 156 mənzilli bina inşa edilərək jurnalistlərə paylanılıb. İndi isə jurnalistlər üçün 250 mənzildən ibarət yeni binanın tikintisi davam etdirilir».

Ə.Həsənov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün mətbuat nümayəndələrini təbrik edib və onlara növbəti ildə uğurlar arzulayıb: «Dövlətimizin imkanları artdıqca, mediamızın da maddi imkanları artacaq, dövlətimiz inkişaf etdikcə, mediamız da inkişaf edəcək və cəmiyyətin həyatında öz layiqli yerini tutacaq».

PA şöbə müdiri həmçinin bu gün prezident İlham Əliyevin doğum günü olduğunu xatırladaraq ölkə başçısına xoş arzularını çatdırıb: «Media təmsilçiləri, o cümlədən Azərbaycanın bu sahədə çalışan məmurları adından cənab prezidenti təbrik edirəm, Allahdan ona, onun rəhbərlik etdiyi Azərbaycana həmişə uğurlu günlər arzu edirəm. Qoy müstəqil, güclü Azərbaycan həmişə xoşbəxt anlarla qarşılaşsın».

 





24.12.2014    çap et  çap et