Vaxt.Az

«Yazıçı-cinayətkar»


 

Çingiz Abdullayevi bu təsərrüfatdan elə-belə buraxmayacaqlar

«Yazıçı-cinayətkar» «Oturan kimi dedim ki, Olimpiya stadionunu verin «Neftçi»yə». Təkcə bu cümlədən Çingiz Abdullayevin futbolda nə qədər diletant və piyada olduğunu sezmək mümkündür.

Gəlin buraxaq ipini «Çingiz Abdullayevin futboldan başı çıxmır« söz-söhbətini. Guya Abdullayevi futbola «dürtüşdürən» Elxan Məmmədovun anlayışı var Azərbaycanda gözdən salınmış bu idman növündən? Guya Çingiz Abdullayevin bu təsərrüfata «dürtüşdürülməsinə» heç bir müqavimət göstərə bilməyən Rövnəq Abdullayevin başı çıxır futboldan? Ay tövbə... Hələ də kos-kos oyunu bilir futbolu. Hələ də «feyr-pley»lə «pley-off»un fərqini ayırd edə bilməyib.

Bir də ki, Çingiz Abdullayevin futboldan başı çıxsaydı nə olacaqdı? Siz elə bilirsiniz ki, futboldan başı çıxanlar bu təsərrüfata gəlsə, futbol olacaq Azərbaycanda? Kimdir onlara bu səlahiyyəti verən ki, ölkədə futbolu bərqərar etsinlər? Sadəlövh olmayın.

Amma Çingiz Abdullayevin futboldan başı çıxmasa da, futbol təsərrüfatına gəlişi yaxşı nə isə vəd edir Azərbaycana. Sizi əmin edirəm ki, Azərbaycan yaxın illərdə ədəbiyyat üzrə Nobel mükafatı ala bilər. Çingiz Abdullayevin indiyə qədər yazdığı detektiv əsərlərə «bir quş» deyin indidən. Məşhur yazıçı özünün ən yaxşı detektiv əsərini Azərbaycanın futbol təsərrüfatındakı motivlər əsasında yazacaq.

İddiamın nəyə əsaslandığını izah edim də... Polis mayoru olan bir dostum var. Bir müddət həbsxanada işləyib. Deyir ki, orda ən müxtəlif cinayətlər törətmiş ən müxtəlif xarakterli cinayətkarlar görmüşəm. Amma Azərbaycan futbolunda olan əclaflar, saxtakarlar, cinayətkarlar o həbsxanalarda yoxdur.

Çingiz Abdullayev özünün ən məşhur əsərini yazmamışdan əvvəl onu yaşamaq üçün gəlib Azərbaycan futboluna. O, burda günlər görəcək. O, burda üzlər görəcək. O, burda Azərbaycanın həbsxanalarında olmayan saxtakarlar, cinayətkarlar, dələduzlar görəcək. Və bundan sonra o möhtəşəm əsər yazılacaq. Azərbaycana Nobel mükafatı gətirəcək əsəri deyirəm. Ancaq arxayın olun ki, Çingiz Abdullayevi bu təsərrüfatdan elə-belə buraxmayacaqlar. Ona öyrədəcəklər. Futbolu yox ha, saxtakarlığı, dələduzluğu, cinayətkarlığı. Çingiz Abdullayev bu təsərrüfatı cinayətkar kimi tərk edəcək. Buna əmin olun. Yazıçı-cinayətkar. Romantik səslənir hə...

Hamısı Azərbaycana gətiriləcək Nobel mükafatına qurban olsun, Çingiz müəllim. Biz gözləyirik. Ən yaxşı əsərinizi və...

 





01.04.2015    çap et  çap et