Vaxt.Az

«Saakaşvili İvanişviliyə…»


 

«Saakaşvili İvanişviliyə…» Gürcüstan prezidenti Mixail Saakaşvili bu həftə Azərbaycana səfər etdi. Böyük ehtimalla bu onun prezident vəzifəsində Azərbaycana son səfəri idi, qonşu ölkədə prezident seçkisi yaxınlaşır və Saakaşvili Konstitusiyaya görə, ali kürsüyə üçüncü dəfə namizədliyini irəli sürə bilməz.

Mixail Saakaşvilinin azərbaycanlı həmkarı İlham Əliyevlə istiqanlı görüşü, mətbuat üçün açıqlamasında Azərbaycan haqqındakı həmişəki xoş sözləri, «Azərbaycansız Gürcüstan var olmayacaq» kimi epitetləri onun vida çıxışına bənzəyirdi. Saakaşvilinin Azərbaycana verdiyi dəyər, o cümlədən «Bakı-Tiflis-Qars layihəsini əngəlləmək olmaz» kimi çağırışları isə Azərbaycan ictimaiyyətindən çox, öz ölkəsinin baş naziri Bidzina İvanişvili və onu dəstəkləyən insanlara ünvanlanmışdı. Çünki, Azərbaycan-Gürcüstan strateji müttəfiqliyində nəsə çat əmələ gələcəksə, bunun baiskarı məhz İvanişvili olacaq.

Saakaşvilinin hakimiyyətdə olduğu 9 ildə iki ölkə arasındakı münasibətlərdə problem yaşanmadı, əksinə əməkdaşlıq ən pik nöqtəsinə çatdı, hərtərəfli təmaslar və dialoq genişləndi, yeni regional layihələrə start verildi, Azərbaycanın Gürcüstana investisiyaları artdı və s. Bundan ən çox qazanan da məhz Gürcüstan oldu. Odur ki, Saakaşvili əslində Bakıdan Tiflisə səslənir və İvanişvilini Azərbaycanla münasibətlərdə yanlış addım atmamağa çağırırdı. İvanişvilinin siyasətdə naşı olduğu aşkardır. O baş nazir olar-olmaz əvvəlcə Azərbaycanla qaz anlaşmasına yenidən baxa biləcəyinə eyham vurdu, daha sonra tikintisi başa çatmaqda olan Bakı-Tiflis-Qars dəmiryolundan narazılığını bildirdi. Bunun ardınca da, Dövlət Neft Şirkətinin Qara dəniz limanındakı Kulevi terminalında müəmmalı tətil başladı. İşçilər əmək haqlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edirdilər. Maraqlı orasıydı ki, İvanişvili hakimiyyətə gələnə qədər Kulevidəki işçilər kirmişcə onlara verilən tapşırıqları yerinə yetirirdilər, maaşları da Gürcüstandakı orta aylıq əmək haqqından dəfələrlə çox idi.

Baş nazir ölkə prezidenti Mixail Saakaşvilini aşağılamaqla yanaşı, dövlət başçısının vaxtilə yaşıl işıq yandırdığı layihələrə də kölgə salmağa başladı. Bu isə artıq şəxsi düşmənçilik həddini aşan siyasətiydi, çünki Azərbaycanın da maraqlarına toxunurdu. İvanişvili bu siyasəti ilə Saakaşvilini pis vəziyyətdə qoyurdu.

Fikrimcə, İvanişvilinin bu addımları Rusiyaya xoş görünmək istəyindən irəli gəlirdi. Yəni sanki Kremlə mesaj göndərilirdi ki, o Rusiyanın bölgədəki müttəfiqi Ermənistanı kənarda saxlayan layihədən narazıdır və Abxaziyadan keçən dəmir yolunun bərpasına üstünlük verir. İkinci səbəb isə görünür, İvanişvilinin Bakıdan daha uyğun imtiyazlar qoparmaq istəyi ilə bağlıydı. Ancaq Bakı onsuz da dəmir yolu tikintisi üçün ən münasib şərtlərlə Gürcüstana kredit verib. Azərbaycan qazı da Gürcüstana ən ucuz qiymətə satılır. İvanişvilinin siyasi təcrübəsizliyi Bakıya səfərində də özünü biruzə verdi. O Bakıda jurnalistlərə dedi ki, Bakı-Tiflis-Qars layihəsiylə bağlı açıqlamasında tələskənliyə yol verib. Ayrıca, imtiyaz da qopara bilmədi. Bu mənada Saakaşvilinin Bakıya səfəri İvanişvilinin səfərindən fərqlənirdi. Saakaşvilinin paytaxtımıza səfərlərində açıq-aşkar xoş niyyət özünü göstərirsə, İvanişvilinin səfərindən müsbət enerji almaq mümkün olmadı. Əksinə Bakının ardınca İrəvana gedən İvanişvili Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında suala cavab verməkdən yayınaraq, Ermənistanın xarici siyasətinin Gürcüstan üçün örnək (?!) ola biləcəyini dilə gətirdi. İvanişvili bununla Ermənistanın guya həm Rusiya, həm də NATO ilə münasibətlərdə balans saxladığına işarə edirdi. Əslində isə xarici siyasətdə Ermənistanı misal göstərmək Gürcüstanı Rusiyanın vassalına çevirmək deməkdir.

İvanişvili bu siyasəti ilə strateji müttəfiqi Azərbaycanla münasibətlərdə suallar yaradır. Bunu elə Saakaşvilinin özü də gizlətmir. Vaxt var idi, Saakaşvili Azərbaycanla strateji müttəfiqliyi konfederasiya halına gətirməyi məsləhət bilirdi. İvanişvili isə bütün bu deyilənlərə əhəmiyyət vermir. O ki qaldı, onun Rusiyaya ümidlərinə, Gürcüstanın baş naziri sonu təhlükəli olan siyasətə girişib. Moskva Gürcüstanı parçalayıb, Abxaziya və Cənubi Osetiyanın «müstəqilliklərini» tanıyıb. Kreml İvanişviliyə görə Abxaziya və Cənubi Osetiyadan imtina edəsi deyil. Bunu Rusiya rəsmiləri də gizlətmirlər. Demək, İvanişvili bu siyasəti ilə nə Kremlin lütfkarlığını, nə də Azərbaycan və Türkiyənin etibarını qazanacaq.

İvanişvilinin siyasətindəki qüsurlara rəğmən, Bakı Gürcüstanın baş naziri ilə də təmaslarını yüksək səviyyədə saxlamaq məcburiyyətindədir. Gürcüstan Konstitusiyasında edilən dəyişikliklərə görə, baş nazirin səlahiyyətlərinin geniş olduğunu nəzərə almalıyıq. Ancaq o da aydındır ki, Saakaşvili-İvanişvili mübarizəsində Azərbaycanın simpatiyası birincinin tərəfindədir. Saakaşvili üçün hələ heç nə itirilməyib. O ən yaxın tərəfdarlarından birini prezident seçkisinə yollayacaq, özü isə gələcək parlament seçkisinə hazırlaşacaq. Yəni bir gün Saakaşvili Bakıya baş nazir qismində də qayıda bilər.

 





10.03.2013    çap et  çap et