Prezident İlham Əliyev başsağlığına görə minnətdarlığını bildirib və təşəkkür edib. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Türkiyənin hər zaman dəstəyinə görə minnətdarlığını çatdırıb, qardaş Türkiyə xalqına dərin hörmətini ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Ermənistan qoşunların təmas xəttində növbəti dəfə təxribat törədib, Azərbaycanın mövqelərinə hücum çəkib. Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edib, qarşı tərəf lazımi cavabını alıb.
Prezidentin mətbuat xidməti həmçinin xəbər verir ki, aprelin 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Belarus Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı narahatlığını bildirib.
Prezident İlham Əliyev Belarus Prezidentini son hadisələrlə bağlı məlumatlandıraraq qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfinin törətdiyi növbəti təxribatın və mövqelərimizə hücumun qarşısını alıb, qarşı tərəfə lazımi cavab verib.