Vaxt.Az

Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir?


 

Hərbi ekspert: «Bu yüksəkliklər ordumuza imkan verir ki, bir neçə saata ...»

Lələtəpə və Talış yüksəkliklərinin əhəmiyyəti nədir? Aprel ayının əvvəlində baş verən bir neçə günlük müharibə nəticəsində bir neçə kəndlə yanaşı ordumuz cənub istiqamətində Lələtəpə və şimal istiqamətində Talış kəndi yüksəkliyinə nəzarəti ələ keçirdi.

Lələtəpə və Talış yüksəkliklərinin ordumuzun nəzarəti altına keçməsinin hansı strateji əhəmiyyəti var?

Bu sualı hərbi ekspert Üzeyir Cəfərov ölkə.az-a verdiyi açıqlamasında cavablandırıb:

«Lələtəpə yüksəkliyi Azərbaycan silahlı qüvvələrinə Horadiz və Füzuli rayonunu nəzarətdə saxlamağa imkan verir. Lələtəpə yüksəkliyinin bizim nəzarətimizdə olması o istiqamətdən yarana biləcək təhlükələrin qarşısını alır. Azərbaycan silahlı qüvvələri hərəkətə keçəcəyi təqdirdə çox asanlıqla işğal altında olan Cəbrayıl və Füzuli rayonlarını işğaldan azad edə bilər.

Lələtəpə və digər istiqamətdən silahlı qüvvələrimiz hücum edəcəyi təqdirdə düşmən çoxlu sayda itki verərək o əraziləri boşaldacaq. Prinsip etibarı ilə aprelin 1-i və 2-də baş verən proseslər o istiqamətdə inkişaf edirdi. Bunu başa düşən ermənilər və onların havadarları diplomatik rıçaqları işə saldılar və bunun da nəticəsində proses dayandı. Azərbaycan ordusu bir neçə saata Füzulini tam işğaldan azad etmək iqtidarında idi. Buna imkan verilmədi. Füzuli işğaldan azad ediləndən dərhal sonra Cəbrayıl, Zəngilan, Qubadlı da işğaldan azad ediləcəkdi. Biz danışıqlarımızda da bu məsələni gündəmə gətirməliyik ki, silahlı qüvvələrimiz buna qadirdir. Ermənilər nə qədər tez silahlı qüvvələrini geri çəksələr, onlar üçün o qədər yaxşı olar və bu proses qansız-qadasız bitər.

Talış yüksəkliyinin bizim ordumuzun nəzarətində olması həm Tərtər istiqamətində, həm də keçmiş Ağdərə rayonuna nəzarət etməyə imkan yaradır. Seysulan kəndi işğaldan azad edilib, ancaq Seysulan kəndi strateji yüksəklik deyil. Talış yüksəkliyi isə çox strateji yüksəkilikdir. Talış yüksəkliyinin bizim nəzarətimizdə olması ordumuzun sabah çox asanlıqla Ağdərəni və ətraf bölgələrini işğaldan azad etməsinə imkan yaradacaq. Bu yüksəkliklər uğrunda gedən döyüşlər nəticəsində hər iki tərəf itki verdi. Nəticədə hər iki yüksəklik bizim əlimizdədir. Ortaya diplomatik qüvvələr düşməsə idi, hər iki istiqamətdə, ordumuz işğal altında olan torpaqlarımızı tam olaraq geri qaytara bilərdi».

 





11.04.2016    çap et  çap et