Vaxt.Az

«KİV haqqında» Qanunda dəyişiklik


 

«Yetkinlik yaşına çatmayan...»

«KİV haqqında» Qanunda dəyişiklik Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə məlumatların razılıq olmadan yayılması qadağan olunur.

Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında «Kütləvi informasiya vasitələri haqqında» Qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

Modern.az xəbər verir ki, komitə sədri Rafael Hüseynov layihəni təqdim edib. O deyib ki, qanuna təklif olunan dəyişikliklər Azərbaycanda insan hüquqlarına hörmətin çərçivəsinin daha da artırılmasına xidmət edəcək.

Deputat bildirib ki, dəyişikliklərdə məqsəd mətbuat vasitələrində hər hansı məlumatın vaxtından əvvəl, şişirdilmiş formada verilərək mövzunun daha arzuolunmaz nəticəyə çatmasının qarşısını almaqdır. «Bu isə bütün hallarda KİV-in işini məhdudlaşdırmaq demək deyil».

Qanunun 11-ci maddəsinə (İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar) əlavə olunan bəndə görə, «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və «İnformasiya əldə etmək haqqında» qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yayılmasına yol verilməyəcək.

Maddənin 4-cü bəndi isə dəyişdirilərək belə verilir: «Yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir».

Bəndin hazırda qüvvədə olan variantı isə belədir:

«Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir».

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 





12.04.2016    çap et  çap et