Vaxt.Az

İƏT-dən Qarabağ qərarı


 

Qurumun təmas qrupu yaradılır

İƏT-dən Qarabağ qərarı «Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılmasına dair qərarı aprelin 14-də dövlət başçıları verəcək». APA-nın verdiyi məlumata görə, bunu APA agentliyinin sualını cavablandırarkən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi İyad Manavi deyib.

Təşkilatın İstanbuldakı XIII zirvə toplantısının ikinci gününün sonunda mətbuat konfransı keçirən Manavi, APA-nın «Ermənistan-Azərbaycan probleminin həlli istiqamətində Təmas qrupunun yaradılacağını dediniz. Qrupa daxil olacaq ölkələr məlumdurmu?» - sualına bu şəkildə cavab verib: «Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və Dağlıq Qarabağ məsələsinin ədalətli şəkildə həlli üçün Təmas qrupu yaradılması təklifi bugünkü iclasımızda gündəmə gəlib. Bu, bir tövsiyədir, inşallah, dövlət başçılarının aprelin 14-də keçiriləcək toplantısında qərar da qəbul ediləcək. Təmas qrupuna neçə ölkənin daxil ediləcəyini indidən deyə bilmərəm. İndiyə qədər yaratdığımız təmas qruplarında 15 ölkə təmsil olunub. Ermənistan-Azərbaycan problemi ilə bağlı yaradılmasını tövsiyə etdiyimiz qrupda 20 ölkə də ola bilər. Hər şey ayın 14-də dövlət başçılarının qəbul edəcəyi qərardan asılı olacaq».

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı aprelin 11-də İstanbulda öz işinə başlayıb. Zirvə toplantısında daha əvvəl üzvlüyü dondurulmuş Suriya iştirak etmir, Liviya isə toplantıda təmsil olunub.

 





12.04.2016    çap et  çap et