Vaxt.Az

«Kaş yaratmayaydıq…»


 

Elçin Şıxlı: «Heydər Əliyev özü bizə razılıq vermişdi...»

«Kaş yaratmayaydıq…» «Ayna və Zerkalo» qəzetlərinin, «Ayna mətbu evi»nin təsisçilərindən biri Elçin Şıxlı uzun sürən səssizliyindən sonra sükutu pozdu. Talktime.az saytına verdiyi müsahibədə Azərbaycan mətbuatının, o cümlədən təsisiçilik etdiyi media orqanlarının keçmişinə və hazırkı durumuna ötəri işıq salan media kapitanın maraqlı, birnəfəsə oxunan söhbətini oxuculara təqdim edirik.

24 il «Ayna və Zerkalo» qəzetlərinin təsisçilərindən biri olmuşam. Əvvəl yalnız 2 qəzetimiz fəaliyyət göstərirdi, sonra «Birja» qəzetini, ardıyca «Weekend», «Alver» və «Ayna mətbu evi»ni yaratdıq. Eyni zamanda bizim «Qasid» adı altında qəzet satış kökşlər şəbəkəmiz var idi, 10-11 il yüksəliş oldu, sonra həm özümüzün səhvləri, həm də ümumi vəziyyət elə gətirdi ki, biz irəliyə getmək əvəzinə geriyə getdik. Bəzi insanlar deyə bilər ki, siz geri, biz isə irəliyə getmişik, amma onların heç biri öz hesabına irəli getməyib. Gənclər qabiliyyətlidir, bacarıqları var, amma maliyə olmayan yerdə ideyaları həyata keçirmək çətindir. Ən böyük problemlərdən biri də, kimsə sənə pul ödəyirsə, o səni öz dediklərinə riayət etməyə məcbur edir.

Maliyə mənbələrinin çoxunun media və peşəkar mediadan xəbəri yoxdur. Əgər, mənim bir maliyə mənbəyim varsa və mən özümə bir media strukturu yaratmışamsa, digər maliyə mənbəyi də çalışır mənim haqqımda mənfi məlumat yığıb ictimailəşdirmək üçün media strukturu yaratsın və bunun nəticəsində peşəkar media məhv olur. Bizdə vəziyyət o yerə gəlib çatıb ki, qərb standartlarına uyğun, müstəqil media adına heç nə qalmayıb. Çox nadir istisnalar ola bilər, amma televiziyada istisna yoxdur, onların arasında yalnız ANS-i deyə bilərəm. Təpki olmasa onlar çox gözəl peşəkar formada işləyəcəklər, digərləri ilə müqayisədə ANS demək olar ki, kənardan pul almır, öz qazancı hesabına kanalı saxlayır.

Efir elə bir yerdir ki, orda lisenziya, efiri kəsmək, dalğanı, tezliyi almaq məsələsi var. Onların hələ də «Milli Televiziya və Radio Şurası» ilə məhkəmə çəkişməsi var. Rahat formada deyə bilərəm ki, «Milli Televiziya və Radio Şurası»ANS-i qaralayıb, guya hansısa mənəvi dəyərləri pozub. Mənəvi dəyərlər çox müxtəlifdir, sizin üçün mənəvi dəyər olan bir şey mənim üçün elə deyil. Buna istinadən jurnalistikaya qiymət vermək düzgün deyil.

 

SSRİ-də ilk dəfə Azərbaycanda yarandı

 

«Mətbuat Şurası» layihəsi Arif Əliyevin olub. Kaş yaratmayaydıq. Bu layihə 2 il oldu, işlədi. Müstəqillik tariximizdə 10 ədalətli seçki olmuşdusa, onun 1-i bizdə oldu, seçki 12 saat çəkdi. 2 il müddətində bu şura işlədi. Donorlar söz vermişdilər, verdikləri sözə əməl etmədilər. İşçilər demək olar 2-3 il təmənnasız, həvəslə işlədi. Ofis problemi həll olunmadı, hərçənd ki hökumət bu problemi həll etməli idi. Sədr 2 dəfədən artıq seçilə bilməzdi, amma biz azərbaycançılığımız salıb bu qaydanı pozduq. O vaxt «Mətbuat Şurası»nın ətrafında Arif Əliyev, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Qənimət Zahidov, bir sözlə əjdahalar var idi. SSRİ-də birinci «Mətbuat Şurası» Azərbaycanda yarandı. Mətbuat şurası bütün dünyada normal işləyir, bizdə işləmədi. Müstəqil qəzet işləyə bilmədiyi səbəblərdən, «Mətbuat Şurası» da şura kimi fəaliyyət göstərə bilmədi.

 

Alternativ olmayan yerdə heç bir inkişafdan danışmaq olmaz

 

«Azadlıq» qəzeti jurnalistika ilə məşğul deyil, onlar məcburi formada savaşırlar. Bizdə istənilən KİV demək olar ki, təbliğat və təşviqatla məşğuldur, peşəkar jurnalistikayla məşğul olmağa macal yoxdur.

«Azadlıq radiosu» dövlət departmentinin maliyyəsi hesabına işləyir. «Meydan Tv» sırf peşəkarlıq baxımından informasiya kanalı kimi çatdıra bilmir, yenilənmələr gec-gec olur, təbii ki, bir çox hallarda baş verən hadisələr həmin televiziyada standart düşüncələrdən kənara çıxır. Bu alternativdir, alternativ olmayan yerdə heç bir inkişafdan danışmaq olmaz.

Haqqın.az saytında informasiyanın işin qurulmağı baxımından mexanizm çox gözəl qurulub, yenilənmə daha tez baş verir. Bir ara onlarda da peşəkarlıq başladı, 5 adi cümlə gedirdisə, onun arasında 1 gözəl fikir olurdu. Amma nə olsun? Bizdə fikir deyilən şey meydana çıxan kimi problemlər yaranır.

 

İndiki kimi köşklərdə pomidor, xiyar satılmırdı

 

Səhvləri aradan qaldırmaq 2001-ci ildə «Zerkalo» qəzetinin parçalanması ilə nəticələndi. Talışinski «Exo» qəzetini yaratdı. Bayaq sadaladığım bütün məqamlar bizim birlikdə çalışdığımız vaxta aiddir. O vaxt «Ayna» qəzetini bağlamışdılar, mən gəlib onu yenidən bərpa etdim. «Ayna» ilk latın əlifbasında, mütəmadi çıxan ictimai-siyasi qəzet idi, düzdür, uşaqlar üçün qəzet fəaliyyət göstərirdi, amma o mütəmadi deyildi, ayda 1 dəfə nəşr olunurdu. Sonra qəzet köşkləri... Bir şeyi yaradıb, genişləndirdikcə, sən ona fiziki cəhətdən nəzarət edə bilmirsən. O işləri həvalə etdiyim adamlar oğru çıxdı. Köşkdən, reklamdan pul gəlirdi. İndiki kimi köşklərdə pomidor, xiyar satılmırdı, dəftərxana ləvazimatı satılırdı. Pulu oturub biz saymırdıq, çünki biz jurnalistik, jurnalistikayla məşğuluq. Bütün bu işlər qazandığımız pulları itirməyimizə səbəb oldu və biz qərara gəldik ki, ayrılaq, ayrıldıq da. O vaxt qəzet sahəsinin 40 faizdən artıq reklam ola bilməzdi, vəziyyət elə gətirib çıxarmışdı ki, biz qəzeti 96 hətta 104 səhifə etmişdik.

 

Reklam gəliri 2 milyon idisə, onun 25 faizdən çoxu «Zerkalo»nun idi

 

Qəzetin həftəlik həcmini çoxaltmağa məcbur idik, həddindən çox reklam var idi. Reklamın gəlməməsi üçün reklam qiymətlərini qaldırdıq, amma bunun heç bir təsiri olmadı. Azərbaycanda çap mediasında reklam gəliri 2 milyon idisə, onun 500-550.000-i «Zerkalo»nun idi. Niyə bizim idi? Çünki biz nə müxalifət idik, nə də iqtidar, oxunurduq. Reklam verən şirkətlər reklamının nə qədər effektiv olub-olmamasını sonradan yoxlayır. Satışlarımız, tirajlarımız azalsa da, bir reklamlardan gələn gəlir hesabına idarə edə bilirdik. 2010-2012-ci ildən sonra problemlər yaşanmağa başladı. İndi də köşklər var, özü də Bakının görünüşünə uyğun, amma nə olsun? Orda qəzetdən başqa nə istəsəniz satılır. Əvvəl metrolardan yığışdırlar, sonra küçədə qəzet satışına qadağan qoyuldu, poçt qutuları ləğv edildi, onunla abunəlik də olmadı, monopoliya yarandı. Əvvəl qələmi 15 şirkət istehsal edirdisə, indi 1-i istehsal edir. Bir monopolist olan yerdə də heç bir reklama ehtiyac duyulmur. Digər məsələ, müxalifətçilik etməsən belə qatığa ağ desən problem yaşayacaqsan.

Devalvasiyadan sonra mətbəə orqanı yaratmaq çox çətindir, xərclər ən azından 2 dəfə artıb, bəlkə də 3 dəfə. Onlayn variantda 5 manat xərcləyirsinizsə, gərək qəzetə 15 manat xərcləyəsiniz. Xərclədiyiniz pulun da geriyə qayıdışı çox azdır. Satış sistemi yoxdur, poçt qutuları , poçtalyon məfhumu da yoxdur. Mən qəzet oxumağa başlayanda sonuncu səhifədən oxuyuram, çünki orda idmandır, idmanda da yalan yoxdur. Qəzetin 2 gəlir mənbəyi var, satış və reklam. Qəzetin həyata keçirdiyi layihələr olur, amma onlar da yalnız kömək edə bilir. Onlayn versiyada ancaq reklamdır, Azərbaycanda da reklam yoxdur.

 

101 FM dalğasını biz Heydər Əliyevin dövründə almışdıq...

 

İndiyə qədər redaksiyanın həyətində həmin antena dayanır. FM fəaliyyəti zamanı Amerika səfirliyi bizə kömək edirdi, lizensiya ilə disklər verilmişdi biz onu quraşdırıb, gedib yatırdıq. Əvvəl yalnız musiqi səslənirdi, lakin sonradan biz o dalğanı satmağa məcbur olduq. Buna o dövrdə baş verən bəzi hadisələr səbəb oldu.

«Zerkalo» qəzeti 12 il ərzində dünyada yeganə media strukturu idi ki, «NATO» ictimai əlaqələr şöbəsi ilə əlaqəsi var idi.

Əvvəl pulu 70 faizini «NATO» ödəyirdi, 30 faizini biz. Sonra bu rəqəmlər dəyişdi. Biz işi görürdük, yollayırdıq, onlar baxır, bəyənir və sonra pul ödənilirdi. 2014-cü ildən onların bizə ödədiyi 3900 avro hələ də bank hesabında qalıb. Yeni qanun qəbul olundu, o vaxt Nazirlər Kabineti qanunun necə işləyəcəyini müəyyən etməmişdi. «İqtisadi İnkişaf Nazirliyi»nə müraciət etdim ki, pulları bizə verin, lakin sonradan bildirildi ki, cərimə ödəməliyik, cərimənin məbləği də 5.000 manat, ona görə pulu hesabdan çıxarmadım, dedim ki, pulu NATO-ya qaytarın, heç olmasa həmin pula 2 əl qumbarası düzəldə bilərlər.

 

Bizdə hamı kiminsə əlinə baxır

 

İnkişafın yollarına gəldikdə, biz nə özümüzdən velosiped ixtira edəcəyik, nə də Kolumb kimi Amerikanı kəşf edəcəyik. Bütün dünyada işləyən struktur var, sadəcə bizim cəmiyyət necədirsə, mediamız da elədir. Yuxarıdan da siyasi iradə göstərilməlidir. Bu dəqiqə dövlət ənənəvi mediadan əlini çəksə, minimum 3 həftə, maksimum 1 ay Azərbaycanda heç bir qəzet qalmayacaq, qalsa da cəmi 2-3 qəzet bağlanıb, sonra yenidən qalxacaq. Bizdə hamı kiminsə əlinə baxır. Televiziya kanallarının əksəriyyətinə dövlət büdcəsindən pul ayrılır, reklam bazarı demək olar ki , onlarda da ölüb. Bizim işlədiyimiz vaxtlarda kanallardakı reklam qiyməti qəzetdəkindən ucuz idi, ən azından «Zerkalo»dan. Səhv etmirəmsə, 2006-2008-ci ildə Hamburda bir qəzetin onlayn versiyasının redaksiyasında olduq, orda «Volkswagen»in bir bannerinin qiyməti 24.000 avro idi, bizdə elə olsaydı, mən həmin pula medianı 10 il saxlayardım. Bizdə bir banner səhv etmirəmsə, 250 manat olub. İndi bilmirəm necədir. Liberal iqtisadiyyat olmayan yerdə müstəqil işləmək mümkün deyil. Eyni zamanda siyasi iradə də olmalıdır ki, yaranan qəzetlər dövlət qəzeti olmayacaq. Qəzet xəbər daşıyıcıları baxımından digər strukturlara uduzur. Jurnalistika 4-cü hakimiyyətdir, elə bil masanın 4 ayağı var, bir ayağı olmayanda həmin masa normal dayana bilmir.

 





13.04.2016    çap et  çap et