Vaxt.Az

Urmiya gölünün qurumasının qorxunc fəsadları


 

Güney Azərbaycanda xərçəng xəstəliyinə tutulanların sayı artıb

Urmiya gölünün qurumasının qorxunc fəsadları Güney Azərbaycan Ərdəbil və Urmiya vilayətlərində xərçəng xəstəliyinə tutulanların sayı artıb. Ərdəbil vilayətinin yerli məsulları ardıcıl olaraq bu vilayətdə xərçəng xəstəliyinin artması ilə bağlı xəbərdarlıq ediblər. Bu dəfə isə Ərdəbil Reyhanə Xeyriyyə Müəssisəsinin müdiri məsələ ilə bağlı həyəcan təbili çalıb. «Ərdəbil vilayətində xərçəng xəstəliyinə tutulanların sayı artıb. Vilayətdə hər 100 min nəfərdən 124 kişi və 99 qadın xərçəng xəstəliyinə tutulub» - deyə Əli Sərabian bildirib.

Onun sözlərinə görə, Ərdəbil vilayətində mədə, ağciyər və qadınlarda döş xərçəngi kimi xəstəliklər, ölkənin orta hesabından gözəçarpan dərəcədə çoxdur.

Ekspertlərin əksəriyyəti Ərdəbil vilayətində xərçəng xəstəliyinin artmasını içməli suyun keyfiyyəti və çirkliliyi ilə əlaqələndirir.

Urmiya Gölü Təhqiqat Mərkəzinin sədr müavini isə Urmiya şəhəri və ətraf bölgələrdə xərçəng xəstəliyinin artması ehtimalından danışıb. «Urmiya gölündə olan duz yalnız qida duzundan ibarət deyil, onun tərkibində ağır metallar da mövcuddur. Bu ünsürlər müxtəlif vasitələrlə hərəkət edir və tədricək insan bədəninə daxil olur, sonra isə xərçəng xəstəliyinə səbəb olur»- deyə Nasir Aq bildirib.

Urmu Gölü Təhqiqat Mərkəzinin sədr müavini vurğulayıb ki, «son illərdə Urmu gölündə ciddi dəyişiklik baş verib, lakin havada olan duz zərrəcikləri və onların insanın həyatına yaratdığı təhlükələr ciddi araşdırılmayıb.» O, səlahiyyətli şəxslər və rəsmi orqanları məsələ ilə bağlı ciddi olmağa və Urmu gölü ətrafında araşdırmaların aparılması ilə bağlı lazımi tədbirləri almağa çağırıb.

 





24.10.2016    çap et  çap et