Vaxt.Az

«İttihamları sübuta yetirmək çətindir»


 

İran Məhkəmə Sistemi qarinin rüsvayçılığını pərdələyir

«İttihamları sübuta yetirmək çətindir» İran Məhkəmə Sisteminin sözçüsü axund Qulamhüseyn Möhsüni Ejei oktyabrın 23-də jurnalistlərə açıqlamasında 10-dan çox yeniyetmə şagirdini zorlamaqda günahlandırılan məşhur «Quran qarisi» Səid Tusidən və ona qarşı irəli sürülən ittihamlardan danışıb.

İran mənbələri, «Quran qarisi»nin cinsi təcavüzünə məruz qalan yeniyetmələrin 10-dan 19 nəfərə yaxın olduğunu bildirsələr də, axund Möhsüni Ejei bildirib ki, hazırda 4 yeniyetmənin valideynləri Səid Tusidən şikayətçidir və onun mühakimə olunmasına israr edir: «Bir neçə yeniyetməni zorlamaqda günahlandırılan «Quran qarisi»nə qarşı irəli sürülən ittihamlara baxmaq üçün kifayət qədər dəlil-sübut olmadığına görə onun işinə xitam verilib (dosyesi bağlanıb) və bu baxımdan onun təqib altına alınmamasına qərar verilib və bu artıq qətidir. Lakin hazırda Səid Tusinin az yaşlı uşaqları fəsada təşviq etmək və onları əxlaqsızlığa sürükləməklə əlaqədar əleyhinə irəli sürülən ittihama baxılır. Bu baxımdan Səid Tusiyə qarşı yeni bir iş açılıb və onun dosyesi təcrübəli və mömin bir hakimə tapşırılıb və işə həssaslıqla baxılır. Ümumiyyətlə bu kimi ittihamları sübuta yetirmək çətindir. Ola bilsin ki, şikayətçilər haqlıdır. Lakin onların iddialarını sübuta yetirmək müşkül məsələdir. Həmçinin bu kimi ittihamların təfərrüatının ifşa olunması da müttəhimdən çox, şikayətçinin ziyanına qurtara bilər. Məhz buna görə də bu kimi işlərə qapalı şəkildə baxılır».

Möhsüni Ejei, «Quran qarisi»nin törətdiyi cinayətin sübuta yetirilməsi üçün kifayət qədər sənəd və dili-sübut olmadığını bildirdiyi bir halda, oktyabrın 23-da Səid Tusi tərəfindən aldadılaraq cinsi təcavüzə məruz qoyulan daha iki yeniyetmə və onların valideynləri BBC televiziyasının fars  redaksiyasına müsahibə veriblər. Onlar bildiriblər ki, Səid Tusinin törətdiyi cinayət əməlini sübuta yetirmək üçün çoxlu sənəd və dəlil-sübut var və onlar həmin sənədləri çoxdan İran rəsmilərinin ixtiyarına qoysalar da, hakimiyyətdəki bəzi naməlum əllər, «Quran qarisi»nin bu əməlini açıq-aşkar ört-basdır edir, onun məsuliyyətə cəlb olunmasının qarşısını alırlar».

Qeyd edək ki, son günlər, İranın dini lideri Əli Xamneyinin 46 yaşlı şəxsi «Quran qarisi», Səid Tusinin «Quran» oxumağı öyrənmək məqsədilə onun yanına gələn azyaşlı və yeniyetmə şagirdləri ilə cinsi əlaqəyə girməsinin və  onları aldadaraq zorlaması  xəbərinin ictimaiyyətdə ifşa olunması, ölkədə böyük rusvayçılığa səbəb olub.

 





24.10.2016    çap et  çap et