Vaxt.Az

Gözü çıxmış qardaşın «qəhrəmanlığı»


 

Növ-növ, büt-büt, heykəl-heykəl, hansı boyda-buxunda desən…

Gözü çıxmış qardaşın «qəhrəmanlığı» Cəmiyyətə çeynəmək üçün yeni mövzu təklif olunmuşdur artıq: «Heykəlin üstünü yazdı, 10 il verdilər». Şok bir neçə gün çəkəcək, bir neçə gün hamı bu heykəl yazan qəhrəmanın mənasız davranışına qeyri-adekvat cəzadan yazacaq, müdafiəsi təşkil olunacaq, yeni siyasi məhbus siyahıları tərtib olunacaq, hüquq müdafiəçiləri yeni layihələrlə qrant institutlarına baş vuracaq, xalq bir yerlərin istədiyi iznli bir mövzuda bir qəhrəman obrazı əldə edəcək, qəhrəmanlığın ən qısa və parlaq yolu, yönü, səmti bəlli olacaq (get divara yazı yaz, heykəl qarala, kreativlik elə sözdən söz düzəlt, məsələn «gül»ü «qul» elə, ol qəhraman, dissident), yetər ki, ayının armudun başındakı oyunundan diqqət yayınsın başqa səmtə, qəhramanlığın, siyasi mübarizənin məzmunu, mahiyyəti dəyişsin...

İt getsin örkən aparsın, dərə xəlvət olsun, üç-beş cahıl-cuhul da hökuməti-zadı tənqid eləyib siyasi qəhramanlığın virtual-passiv-aktivist nümunəsini yaratsınlar, beş-on cuvanəzən də bunlara əl çalıb desinlər, pəh, kişidə cürətə, cəsarətə, qeyrətə bax, hökuməti tənqid eləyir, halal olsun! Bunlar da olsun çəpik qəhrəmanı. Bir 3-4 cüt də şəbədəbaz «köşə yazarı» təzə mövzunu bir az çeynəyib onlar da olsun qələm-qüləm qəhrəmanı...

Bir sözlə, ölkə başdan başa dissident, siyasi mübariz dolu, «generallar»ımızı saymaq üçün gərək hürküdəsən, milli liderlərin birin qoyub o birini götürürük. Növ-növ, büt-büt, heykəl-heykəl, hansı boyda-buxunda, görkəmdə, yaraşıqda desən varımızdır maşallah...

Amma ölkənin 20 faizi işğalda, milyondan çox yurdsuz-yuvasız... 

Siz heç bu tut-qayır-burax qəhramanların bircəciyinin işğal faktı, total şəkildə hüquqları pozulmuş milyonlarla soydaşından bir kəlmə danışdığını gördünüzmü?! Görməzsiniz! Çünki oralardan aktivlik tələb edənləri bu mövzular maraqlandırmır, sifariş verənlərin istəyi də elə o mövzu ətrafında mülahizələri çıxdaş etmək, fikri, diqqəti, enerjini başqa səmtə yönəltməkdir.

Di gedin çalınan zurnaya qol qaldırıb süzün!

 





26.10.2016    çap et  çap et