Vaxt.Az

İranda ABŞ vətəndaşına 18 il həbs verilib


 

Onu atasının evindən gözlərini bağlayaraq aparıblar

İranda ABŞ vətəndaşına 18 il həbs verilib Üç aydan çoxdur Tehranın Evin zindanında saxlanılan İran əsilli Amerika Birləşmiş Ştatları vətəndaşı Rza (Rabin) Şahini 18 il həbsə məhkum edilib.

ABŞ-ın San-Diyeqo şəhərinin sakini olan 46 yaşlı Şahini düşmən dövlətlərlə əməkdaşlıqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və əksinqilabçı media və qruplarla əlaqə saxlamaqda günahlandırılıb. 

Barəsində hökm oxunduqdan sonra telefon vasitəsilə xarici saytlardan birinə açıqlama verən Rza Şahini, ona qarşı irəli sürülən ittihamları rədd edib: «Mən 18 illik həbs qərarın çıxarıldığını eşidəndə özümü saxlaya bilməyib güldüm. Bunların mənim barəmdə əllərində olan məlumatlar «Facebook»da və şəxsi bloqumda paylaşdığım şəkillərdən başqa bir şey deyil. Bunlar isə həmin şəkillərə istinad edərək məni həbsə məhkum ediblər. Məni tutanda isə gözlərimi bağlayıb apardılar. Harada olduğumu bilmirdim. Hər gün iki dəfə, sübh və axşam vaxtları məni dindirirdilər. Həmişə isə saxlanıldığım təkadamlıq kamerada tək idim».

ETTELAAT-ın Qorqan bölməsinin əməkdaşları valideynlərini görmək üçün İrana gələn və 16 ildir Amerikada yaşayan ABŞ-ın San-Diyeqo əyalət Universitetinin tələbəsi Rza Şahinini iyulun 11-də atasının mənzilində tutublar. Evdə yoxlama aparılıb, Rza Şahiniyə məxsus kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb. Rza Şahini həm İran, həm də Amerika vətəndaşıdır.

 





27.10.2016    çap et  çap et