Vaxt.Az

Şəhərlilərin sayı artır


 

Yer kürəsinin cəmi 1 faizini tutan meqapolislərdə 3 milyard insan yaşayır

Şəhərlilərin sayı artır Dünya şəhər əhalisinin ən çox artdığı tarixi yaşayır. «Reuters» agentliyinin Dünya Şəhər günü münasibətilə yazısında belə deyilir.

BMT dünyada şəhər əhalisinin artımına diqqət çəkmək və bu artımın doğurduğu sınaqların öhdəsindən gəlmək, əməkdaşlığın vacibliyini vurğulamaq və planlamaq, urbanizasiyanın qlobal inkişafda rolunu öyrənmək məqsədilə oktyabrın 31-ni Şəhər günü kimi qeyd edir.

 

3,5 milyard insan şəhərdə qalır

 

Təşkilatın bu günə olan hesablamaları göstərir ki, hazırda dünya əhalisinin yarısı, yəni 3,5 milyard insan şəhərlərdə yaşayır. 2030-cu ildə isə insanların 60 faizinin şəhərdə məskunlaşacağı gözlənir. Halbuki, bütün şəhərlər Yer kürəsi ərazisinin cəmi 1 faizini tutur. Bununla belə, enerji istehlakı və karbon qazı tullantılarının 75 faizi şəhərlərin payına düşür.

BMT xəbərdarlıq edir ki, şəhər əhalisinin sürətlə artması su ehtiyatları, yağış və çirkab sularının həcminə, ətraf mühitə, ictimai sağlamlığa güclü təsir göstərir.

Bununla belə, təşkilatın məlumatında sıx məskunlaşmanın səmərəli tərəfləri qeyd olunur, texnoloji nailiyyətlərin resurslardan və enerjidən istifadəni minimuma endirməkdə məqsədli olduğu deyilir.

BMT həm də şəhərlərdə bərabərsizliyin artdığını, özü də 1980-ci ildən bəri hökm sürdüyünü, 828 milyon adamın şəhərlərdəki xarabalıqlarda yaşadığını bildirir.

 

Şəhərlilərin 53 faizi Asiyada yaşayır

 

«Reuters» şəhərlərlə bağlı bir neçə maraqlı faktı göstərib. Agentliyin məlumatına görə, 1990-cı ildə dünyada cəmi 10 meqapolis var idisə, indi onların sayı 28-əçatıb. Dünyanın ən böyük şəhəri Tokiodur, 38 milyona yaxın əhalisi var.

Dünyanın ən kiçik şəhəri, eləcə də ən kiçik dövləti Vatikandır, 500 nəfər əhalisi var. Şəhər əhalisi ən çox olan qitə Asiyadır, şəhərlilərin 53 faizi burada yaşayır. Avropa dünya şəhər əhalisinin 14 faizinin, Latın Amerikası və Karib adaları 13 faizinin vətənidir.

Əhalisinə ən yaxşı həyat səviyyəsi təklif edən şəhər Avstriyanın paytaxtı Vyanadır. İkinci yerdə Sürix (İsveçrə) dayanır. Dünyanın ən yaradıcı şəhəri isə Səudiyyə Ərəbistanının Əl-Ahsa şəhəri sayılır.

 





31.10.2016    çap et  çap et