Vaxt.Az

Fraksiya bizə nə qazandıracaq?


 

Fars-molla rejimi Güney azərbaycanlıları türk kimi qəbul etmək zorunda qaldı

Fraksiya bizə nə qazandıracaq? Bu gün (31 oktyabrda) İran parlamentində Güney Azərbaycan, ümumiyyətlə, türk milləti adına çox önəmli hadisə baş verdi. İstər Pəhləvilər, istərsə də, molla rejiminin hakimiyyəti dövründə basqılara, təqiblərə, həbslərə, işgəncələrə sinə gərən azadlıq mücahidlərinin 100 ilə yaxın davam edən mübarizəsi nəticəsində axır ki, ciddi irəliləyiş əldə olundu – necə deyərlər fars rejiminin sipəri sındı. Belə ki, İran parlamentinə seçilən 100 türkəsilli millət qurumda türk fraksiyası yaratdılar. Qeyd edək ki, İran parlamentində 290 deputat yeri var və türkəsilli millət vəkilləri 100 səslə məclisin 34.5 faizini təşkil edir.

Bu fraksiyanın mahiyyətini doğru analiz etmək üçün İranda seçki sistemini barədə dəqiq məlumata sahib olmaq lazımdır. Belə ki, İranda millət vəkilliyinə namizəd olmaq üçün 12 nəfərdən ibarət nəzarət şurası tərəfindən təsdiqlənməlisən. Yəni yalnız rejimin razılığını alanlar namizəd olaraq seçkiyə qatıla bilərlər. Yəni İran hakimiyyətinin əvvəlcədən müəyyən etdiyi şəxslər millət vəkili seçilirlər.

Sual oluna bilər ki, qapalı ölkədə, bir nəfərin əmriylə idarə olunan rejimə qarşı əksəriyyəti İran hakimiyyətinin özü tərəfindən seçilən 100 nəfərlik fraksiya hansı üstünlük saxlamış olacaq?

1. Bu fraksiyanın yaranması Güney Azərbaycan milli hərəkətinin milli fəallarının iddiasız mübarizəsinin bir nəticəsidir. Fars hökuməti milli fəallarla bacara bilmədiyi üçün ən yüksək səviyyəli qanunverici orqanda belə bir qurumun yaranmasına razılıq verdi. Baxmayaraq ki, bunu da Güney Azərbaycanda rejimin razılığı ilə seçilən vəkillərlə məhdudlaşdırdı.

2. İllərlə «Siz azərisiz» deyən hakimiyyət artıq bizim Türk olduğumuzu qəbullanmaq məcburiyyətində qaldı. Bu isə millətimiz üçün tarixi bir nailiyyətdir.

3. Bu fraksiya özəlliklə hökumətin Azərbaycana qarşı ayrı seçkilik iqtisadi-siyasətini aşkara çıxarmaqda və bu siyasətə qarşı nisbi başarıları əldə edəcəyi ehtimal edilir.

4. Güneyli milli-mədəni fəallar haqsız yerə zindanlarda işgəncələrlə məruz qaldıqları zaman adıçəkilən fraksiya xalqda çəkinərək gözdən pərdə asmaq siyasəti nümayiş etdirə bilməyəcklər. Bu olarsa belə, hakimiyyətin basqısı ilə olduğu daha da dəqiqləşəcək.

5. Rejim hər nə qədər Azərbaycan adını silmək istəsə də, İranda Türklər Azərbaycan mərkəzli hərəkət edirlər və bu fəaliyyət rejimin ali qanunverici orqanında da davam edəcək.

Bundan sonra həbsdə olan milli fəallarımızın azadlığı bizim öhdəmizə düşür. Necə deyərlər, yalançını evinə kimi qovmaq məcburiyyətindəyik.

 





31.10.2016    çap et  çap et