Vaxt.Az

Fraksiya hədəflərini açıqladı


 

Sabiq səhiyyə naziri Məsud Pezeşkiyan qurumun başqanı oldu

Fraksiya hədəflərini açıqladı Aylardır İran Parlamentində bir türk fraksiyasının yaradılmasına dair gedən spekulasiyaların ardından, xəbər agentlikləri 100 millət vəkilinin yer aldığı «Türk Bölgələri Fraksiyası»nın başqanı, rəyasət heyəti üzvləri və sözçüsünün təyin olunduğu bildiriblər.

Fraksiyanın sözçüsü Təbrizin islahatçı millət vəkili Zəhra Sai tərəfindən İSNA agentliyinə verilən məlumata istinadən, Təbrizin digər islahatçı vəkili, sabiq nazir və İran Parlamentinin hazırki sədrinin birinci müavini Məsud Pezeşkiyan Türk Bölgələri Fraksiyasının başqanı olaraq seçilib.

Yayılan məlumata görə, Fraksiyanın rəyasət heyətinə həm islahatçı, həm də mühafizəkar millət vəkilləri daxil olunsa da, əksəriyyət islahatçı vəkillərdən ibarətdir.

Zəhra Sai fraksiyanın 100 millət vəkilinin iştirakı ilə təşkil olunduğunu bildirib. İLNA agentliyinə istinadən, İran Azərbaycanından əlavə Tehran, Qum, Əlburz və Fars kimi vilayətlərdən də türk millət vəkilləri fraksiyaya üzv olublar.

İLNA həmçinin Aysor (Assur) cəmiyyətinə mənsub millət vəkili Yonatan Betkoliyanın da Türk Bölgələri Fraksiyası tərkibində yer aldığını bildirib. Cənab Betkoliya xaricində qeyri-türk cəmiyyətlərdən başqa millət vəkillərinin fraksiyaya üzv olub-olmadığına dair məlumat yayılmayıb.

İranın İslami Şura Məclisinin mətbuat orqanı Millətin Evi xəbər agentliyi Zəhra Saiyə istinadən fraksiyanın hədəflərini açıqlayıb.

«Türk Bölgələri Fraksiyası bu bölgələrin iqtisadi, məişət və təhsil problemlərini ortadan qaldırmaq hədəfi ilə yaradılıb. İranın tamamında türk bölgələrinin genişliyini nəzərə alaraq, bütün üzvlərin əməkdaşlığı ilə müxtəlif problemlər və çətinlikləri birlikdə çözməyi ümid edirik,» deyə Zəhra Sai ifadə edib.

İran Parlamentində Türk Bölgələri Fraksiyasının təşkili ümumiyyətlə Güney Azərbaycanında yerləşən siyasətçilər, media mənsubları və türk fəallar tərəfindən olduqca müsbət qarşılanıb.

 





31.10.2016    çap et  çap et