Vaxt.Az

«Nə olsun Mirzə Ələkbər deyil, Salahzadə Ələkbərdi»


 

«Nə olsun Mirzə Ələkbər deyil, Salahzadə Ələkbərdi» “Yox, yox, yox!.. Heç cür, heç cür, heç cür! Heç cür mümkün deyil ha!..”
Öncə “Gündəlik Teleqraf”ın əməkdaşını bu sözlərlə yola salmışdı, sonra mənə belə dedi. Nəyə və niyə belə qətiyyətlə etiraz elədiyinin təfərrüatlarına telefonda özüm qulaq asdım. Ancaq etirazın emosiyası müsahibə istəyən qəzet əməkdaşına özünün yola gəlməyəcəyini çatdırmaq qədərindən qat-qat artığıydı.
“Qobustan” jurnalının baş redaktoru Ələkbər Salahzadəni “heç vaxt heç kəsə heç nə danışmayacaq həddə” yetirən qəzəb alovunun odu-odunacağı ona olan münasibətdi. Etinasız, laqeyd, saymaz münasibət. 60-cı illər ədəbiyyatının bu öncül və novator şairini indi heç kəs görmür. Görmək istəmir desək qəddar çıxmaz. Nə hökumət, nə əlaqədar orqanlar, nə də Yazıçılar Birliyi...
Baxmayaraq ki, o, faktiki yazıçılar təşkilatının üstündə işləyir. Üçmərtəbəli binanın dördüncü mərtəbəsində, Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan damda. Ancaq ona dama qonmuş təsadüfi və uçub gedəsi bir quş kimi qıyğacı baxırlar. Yaş 70-i haqlayıb.
Üzrlər! Yaş 70-i keçib. Ötən il Ələkbər Salahzadənin 70 ili tamam olub. Nəinki rəsmi orqanlar, heç Yazıçılar Birliyi də onun yubileyini keçirməyi düşünməyib. Bircə, deyir, “Ədəbiyyat qəzeti”ndə xırda bir təbrik yazıblar. Təbrik o qədər xırda olub ki, bəlkə heç korrektor da oxumağa, diqqət yetirməyə ehtiyac bilməyib.
Yazıçılar Birliyinin bir neçə ədəbi orqanını, o cümlədən “Ulduz”, “Azərbaycan”, “Qobustan” jurnallarını təşkilatın damına yığana kimi hansı keşməkeşlər yaşanıb - bunu mən öz gözlərimlə görmüşəm. Təkcə ölkənin yox, “Ulduz”un  da ən ağır günlərində jurnala o, rəhbərlik edib. İçərişəhər metrosu ilə üzbəüz, İstiqlaliyyət küçəsində 5-ci mərtəbədə yerləşən redaksiya müəmmalı şəkildə yananda, “araşdırmalar razılaşmayla bitənə” kimi soyuq külün içində bəzən sözün həqiqi mənasında eşələnməli olublar.
Bir dəfə redaksiyaya ayağım düşmüşdü. “Ulduz” jurnalının rəhmətlik məsul katibi Allahverdi Məmmədlini qaranlıqda güclə tapdım. Pəncərələri qapadılmış hündür tavanlı nəhəng otağın qaranlığında xırdaca bir lampa közərir, o lampanın işığında arıq, qurumuş bir yazıçı siqareti su və çörək kimi sümürürdü. O illərdən Allahverdi müəllim salamat çıxmadı.
Uzun zaman “Ulduz”da çalışmış Əhəd Muxtar da  sağ qurtulmadı. Ya vəlvələdən, ya zəlzələdən...
Bəzən ölmək, bəzənsə sağ qalmaq qəhrəmanlıq sayılır.
1992-ci ildən 2004-cü ilə qədər “Ulduz”a rəhbər olan Ələkbər Salahzadəni yola salıb jurnalı zurna-balabanla yeni komandaya verdilər. İndi həmin zurna-balabanlı hay-küydən bircə qoşa-nağaranın “çakada-çukada”sı eşidilir: “Qonorar azdı, qonorar azdı, qonorar azdı...”
Azərbaycan Yazıçılar Birliyinin tabeliyində olan, “Qobustan” jurnalının qonşuluğunda  yerləşən “Azərbaycan” jurnalı Ələkbər Salahzadənin poemasını çap eləməkdən boyun qaçırıb, imtina edib, geri qaytarıb.
70 yaşında onu nəinki Yazıçılar Birliyi, heç jurnalistlər, yazarlar da yada salmayıb. O, yazıçı-yazar  icmasının bu laqeydliyini anlamağa, başa düşməyə, kütləvi biganəliyin məntiqini bulub rahatlıq tapmağa çalışır...
Yeddi nəfərlik ailəylə Əhmədlidə yaşayır, kommunal şəraiti pisdir. 2005-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb. Bundan özgə, heç bir fəxri adı, titulu, alacağı, qazancı olmayıb, yoxdur. Heç xalq şairi də deyil bu ölkədə...
 





28.12.2012    çap et  çap et