Vaxt.Az

Abbas Lisani yenidən saxlanıldı


 

Fars-molla rejimi güneyli fəalı toy mərasiminə qatıldığına görə mühakimə edir

Abbas Lisani yenidən saxlanıldı Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani Meşginşəhr şəhərində saxlanılıb. Aydın Zakirinin toy mərasimində iştirak etdiyinə görə mühakiməsi gözlənilən A.Lisani noyabrın 7-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və Meşginşəhr zindanına aparılıb.

Xəbər verdiyimiz kimi, ötən günlərdə tanınmış fəal A.Lisani Ərdəbil Məhkəməsinə çağırılıb. Noyabrın 3-də fəalın ailəsinə təhvil verilən çağırış vərəqəsində onun Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilib.

Vərəqədə qeyd olunub ki, Ərdəbilin İnqilab Məhkəməsi çağırış vərəqəsini Meşginşəhrin İnqilab Məhkəməsi tərəfindən göndərib. Vərəqədə azərbaycanlı fəalın məhkəməyə çağırılma səbəbi qeyd olunmayıb, sadəcə «Sizin əleyhinizə olan şikayətlə bağlıdır» cümləsinin yazılması ilə kifayətləniblər.

Ehtimal edilir ki, A.Lisani son günlərdə meşginşəhrli fəal Aydın Zakirinin toy mərasiminə qatıldığı üçün məhkəməyə çağırılıb. Qeyd edək ki, Aydın Zakiri də özü üçün keçirdiyi toy mərasimindən sonra ötən günlərdə Meşginşəhr Məhkəməsinə çağırılıb. O, 10 milyon tümənlik vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

A.Lisani adını çəkdiyimiz fəalın toy mərasimində çıxış edərək onu təbrik edib və azərbaycanlı şagirdlərin ana dildə təhsil almasının əhəmiyyətinə toxunub.

Tanınmış ərdəbilli fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər uzaq şəhərlərdə həbs edilib və ailəsi ilə birlikdə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.

 





08.11.2016    çap et  çap et