Vaxt.Az

Daha 8 nəfər edam olunub


 

Dara çəkilənlərdən 3-nün adı məlumdur

Daha 8 nəfər edam olunub İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında günahlandırılaraq ölümə məhkum edilən daha 8 adam edam edilib.

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, müttəhimlərdən 2-si noyabrın 6-sı sübh saatlarında İranın Rəşt şəhərinin həbsxanasında, 6-sı isə Məşhədin Vəkilabad zindanında dara çəkilib. Edam edilənlər, ölüm hökmünün icrasına hazırlıq məqsədilə bir neçə gün əvvəldən təkadamlıq kameralara köçürülmüşdü. Rəşt həbsxanasında dara çəkilənlərin adları mediaya açıqlanmayıb. Məşhəd zindanında isə edam edilənlərdən üçünün adları bunlardır: Əhməd Adəmpur, Arif Purrəhməti və Vəli Məhəmməd Bərzigər.

Son illər İranda edamların sayının kəskin artması beynəlxalq hüquq təşkilatlarının ciddi narahatlığına səbəb olub. İran İslam Respublikası hökuməti dünyada öz vətəndaşlarına çıxardığı ölüm hökmlərinin sayına görə Çindən sonra ikinci yeri tutur.

 





08.11.2016    çap et  çap et