Vaxt.Az

Amerika Jirinovskini prezident seçərmi?


 

Cəmiyyət onu hətta, namizəd etdiyinə belə peşmandır!

Amerika Jirinovskini prezident seçərmi? ABŞ-ın 45-ci prezidentini məlum edəcək seçkilərin sonuna sayılı saatlar qalır. Əminliklə demək olar ki, Donald Tramp və Hillari Klinton arasında gedən bu mübarizənin qalibi xanım Klinton olacaq. Ona görə yox ki, bütün xüsusiyyətlərinə görə Klinton bu gün ABŞ-da prezident olmağa ən ideal namizəddir. Ona görə ki, Klinton bütün göstəricilərinin cəminə görə rəqibi Trampdan xeyli üstündür. Və ən əsası da ona görə ki, müdrik Amerika xalqı Trampın timsalında ABŞ Jirinovskisini prezident etməz! Onu hətta, namizəd etdiyinə belə peşmandır!

Qaldı ki, Trampın prezident seçilməsindən dünya siyasətində nəsə müsbət yeniliklər gözləyən ölkələr, siyasi xadimlər sadəcə təsəvvür yanlışlığındadır. Çünki, Tramp kimi qeyri-sabit, hər an kəskin dəyişə bilən və məsuliyyətdən kəm şəxsiyyətdən hər nə desən gözləmək olar. Belə yanlış təsəvvürdə olan bir çox Rusiya siyasətçilərinin ümidlərinə rəğmən Tramp prezidentliyinin ilk dövründəcə Rusiyanın qatı düşməninə çevrilə və atom düyməsini basmaqda xəsislik etməyə də bilər.

H. Klintondan isə, hər necə də olsa, bugünkü dünya fövqəlgüc qarşıdurması gərginliyinə bir qadın mülayimliyi ruhu gətirəcəyini gözləmək olar. Gözləmək olar ki, bu timsalda ABŞ özünün dəmir-ipək ledisi Marqaret Tetçeri tapa bilər. Və buradaca, 90-cı illərin əvvəlində İngiltərə baş naziri Tetçerin Azərbaycana müsbət münasibətini xatırlayaq.

Və Tetçer dövlətinin çətin dövrdə işğalçı ermənilər və havadarlarının ölkəmizi məhv etmək planına qarşı çıxmasını, ölkəmizin böyük neft kontraktları ilə geniş dünyaya çıxışında önəmli iştirakını nəzərə alsaq, çox yəqin ki, Hillari-Marqaret bənzətməsinin real həqiqətə çevrilməsi bizim üçün yerinə düşər.

Ümid edək ki, H. Klintonun prezidentliyi Azərbaycan-ABŞ münasibətində yeni yüksək anlaşma və istiləşmə dövrünə başlanğıc verəcək.

 





09.11.2016    çap et  çap et