Vaxt.Az

100 milyardı göyə sovurdular


 

Urmiya gölünün xilası fars-molla rejimi üçün prioritet deyil

100 milyardı göyə sovurdular «Urmiya gölünün canlandırılması İran dövlətinin əsas prioriteti deyil». Bunu Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi «Fars news»un müxbiri ilə danışıqda bildirib.

«Urmiya gölünün xilası üçün ayrılan 100 milyard tümənlik büdcənin əsas hissəsi müxtəlif universitetlərin araşdırma işləri və xarici səfərlərə xərclənildi, sonda isə öncədən mövcud olan plana çatdılar. Bu məsələdə dövlət özü üçün təsəvvür etdiyi mənafedən keçməli, lazımi vəsait ayırmaq və subsidiya ödəməklə su mənbələrinə düzgün nəzarət etməlidir»- deyə o bildirib.

Bundan sonra dövlətin Urmiya gölünün xilası üçün əsaslı iş görə bilməyəcəyini vurğulayan azərbaycanlı millət vəkili əlavə edib ki, dövlət büdcə ayırarkən əhalinin ehtiyaclarını nəzərə almır. «Son aylarda neft istehsalı və ixracının həcmi 2 dəfə artıb. Lakin Urmiya gölünün canlandırılması 15 milyard dollarlıq təyyarə alınması və digər mövzularla müqayisədə, onun dövlət üçün əsas prioritet (öncəlik) olmadığını göstərir» deyə Əhməd Əlirza Beygi deyib.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, Urmiya gölünün quruması 15 milyondan çox insanın həyatını təhlükə altına alıb, bu böhran göldən 500 kilometr radiusda olan ərazilərdə bütün canlıların məhv olması ilə nəticələnə bilər.

 





16.11.2016    çap et  çap et