Vaxt.Az

Siyasətə qarışmayan Soso


 

Və ya vətənindən qovulan müğənninin «kişi» söhbəti...

Siyasətə qarışmayan Soso Deyirəm, bir oğul tapılmadı ki, getsin Monserrat Kabalyenin yanına ki, ay Monserrat xanım, dünya şöhrətli ulduzsan, biz səndən heçnə istəmirik, Qarabağa getdiyinə görə üzr istəmə, bizim ərazi bütövlüyümüzü tanıdığını bəyan etmə, sadəcə de ki, mən Azərbaycan xalqına hörmətlə yanaşıram və gəl konsert ver Bakıda.

Bu bizə kifayətdir, həm bütün dünya bu haqda eşidər, həm ölkəmiz üçün gözəl piar olardı, həm də gəlib görsünlər ki, biz adamyeyən deyilik.

Buna deyərdim afərin.

Yoxsa Soso? Sosoya görə bu boyda həngamə nəyə lazım idi? Üçüncü dərəcəli Rusiya müğənnisinə, həmyerlilərinin nifrətinə görə öz tarixi vətəninə dönə bilməyən birinə görə...

Dəyərdimi ona görə bizi alçaltmaq? Dəyərdimi ona görə prinsipə getmək?

Olmazdımı onu şəxsi qonaq kimi öz malikanəndə oxutmaq? Mütləqdirmi onu Azərbaycanın ən şöhrətli səhnəsinə çıxarmaq?

Dəyərdimi Sosoya görə o boyda Vaxtanq Kikabıdzenin nüfuzundan istifadə etmək?

İndiki şəraitdə, iqtisadı çətinliklər çəkən insanlara heç olmasa mənəvi təsəlli olardı ki, bizi eşitdilər, etirazımıza hörmət etdilər.

Gəlin bu gün necə olacağını sizə deyim - 100 faiz əminəm.

Səhnəyə çıxıb dizlərini sürtəcək yerə və ənənəvi olaraq «Ya vas lyublyu, vi mai radnıye, vax vax vax, kakoy xaroşıy zemlya Azerbaycan, maç maç maç, vsex abnimayu». Vəssalam... Bununla da məsələ bitəcək, hər şey unudulacaq...

Gurultulu alqışlar, kövrək xanımların göz yaşları, selfilər, dəstə-dəstə güllər, «Siyasəti incəsənətə qatmayın!» adlı statuslar və bəyənmələr.

Bu Soso söhbəti ortaya çıxanda, məni ən çox əsəbləşdirən onun ortaya atdığı «mujçina» söhbəti oldu. Üç sözdən ikisi «nastoyaşıi mujçina», «paqavarim pa mujski», ay nə bilim «kavkazski mujik» filan.

Öz-özümə deyirdim ki, «ay Soso, heç olmasa sən kişilikdən danışma».

Amma sonra dərk etdim ki, Soso haqlıdır.

Soso kişi kimi dediyinin üstündə durdu - icazəmiz olmadan Qarabağа getməyinə və Xankəndində qondarma respublikanın «müstəqilliyinə» həsr olunmuş konsertdə iştirakına görə üzr istəmədi, ərazi bütovlüyümüzü yazılı surətdə - rəsmən tanımadı, gəlməyinə qarşı çıxan azərbaycanlıları it adlandırdı, ağsaqqallarımızı lağa qoydu və sonra bəyan etdi ki, xiyardı, yeyəcəksiniz.

Biz də yedik.

Nuş olsun...

 





30.11.2016    çap et  çap et