Vaxt.Az

Həddini aşan axund


 

«Azərbaycan müsəlmanları Netanyahunun Bakıya gəlişinin qarşısını alsınlar»

Həddini aşan axund İranın dini liderinin Qərbi Azərbaycan əyalətindəki nümayəndəsi, Urmiyanın cümə namazının rəhbəri axund Seyid Mehdi Qüreyşi dekabrın 9-da qılınan cümə namazı xütbələrində çıxış edərək Azərbaycan Respublikası müsəlmanlarını Bakıya səfəri gözlnilən İsrailin baş naziri Benyamin Netanyahuya qarşı çıxmağa çağırıb.

Öz çıxışında İsrailin baş nazirini «cinayətkar» adlandıran və açıq-aşkar anti-semitizm təbliğatı aparan axund Qüreyşi deyib ki, Netanyahu kimi şəxsləri qarşılamaq, Allah qarşısında durmaq deməkdir: «Əlləri müsəlmanlarının qanına bələnmiş bu kimi cinayətkarları qarşılamaq, onların törətdiyi cinayətlərdə şərik olmaq və Allah qarşısında durmaqdır. Allah, müsəlmanları yəhud qövmü ilə oturub durmaqdan və onlara etimad göstərməkdən çəkindirib.

İmam Hüseynin «Aşura» günündəki devizi bu olub: Dininiz yoxdursa, heç olmasa azad insan olun. Elə buna görə də hesab edirəm ki, Azərbaycan müsəlmanları bu məsələni nəzərə alaraq Netanyahunun Bakıya gəlişinin qarşısını alacaqlar».

Qeyd edək ki, yaxın günlərdə İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri gözlənilir.

 





10.12.2016    çap et  çap et