Vaxt.Az

Dünya Bankı TANAP layihəsinə kredit ayırıb


 

800 milyonun yarısı Azərbaycan, digər yarısı Türkiyə şirkətinə veriləcək

Dünya Bankı TANAP layihəsinə kredit ayırıb Dünya Bankının (DB) Direktorlar Şurası Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinə 800 milyon ABŞ dolları kredit ayrılması ilə bağlı qərar qəbul edib. Bu barədə Dünya Bankı məlumat yayıb.

Kreditin 400 milyon dolları Azərbaycan dövlətinin zəmanəti ilə «Cənub Qaz Dəhlizi» QSC-yə, yerdə qalan hissəsi isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ şirkətinə veriləcək.

TANAP Azərbaycandan təbii qazı Türkiyəyə, oradan isə Avropaya nəql edəcək. Bununla da Azərbaycan qaz ixracı bazarlarını şaxələndirəcək, Türkiyə və cənub-şərqi Avropada isə enerji təchizatının təhlükəsizliyi yaxşılaşdırılacaq.

Dünya Bankının vitse-prezidenti Cyril Muller deyib ki, TANAP rəqabətə şərait yaratmaqla yanaşı, Azərbaycan və Türkiyə əhalisinə yeni iqtisadi imkanlar açacaq. Onun fikrincə, layihə Avropa və Türkiyədə enerji təhlükəsizliyinin təminatını dəstəkləyəcək.

TANAP-ın 2018-ci ildə təhvil veriləcəyi gözlənilir. TAP boru kəməri (Yunanıstan-Albaniya-İtaliya) tikildikdən sonra isə 2020-ci ildə qaz Avropaya nəql olunacaq.

Layihədə 58 faiz SOCAR dövlət neft şirkətinin, 12 faiz Türkiyənin BOTAŞ şirkətinin və 12 faiz BP-nin payı var. Səhmdarlar layihəni öz pay iştiraklarına uyğun olaraq maliyyələşdirməlidirlər. Türkiyənin BOTAŞ şirkətinin payı 3 milyard dollar təşkil edir. Bu vəsaitin mənimsənilməsi üçün Türkiyə şirkəti Dünya Bankından 1 milyard dollar, Avropa İnvestisiya Bankından isə 1 milyard avro borc alıb.

 





21.12.2016    çap et  çap et