Vaxt.Az

Son model texnologiya gəlir


 

Azərbaycanda IMAX formatında kinoteatr açılacaq

Son model texnologiya gəlir Yaxın vaxtlarda Bakıda İMAX kinoteatrının açılması planlaşdırılır. Gün.Az xəbər verir ki, payızda açılışı olacaq İMAX kinoteatrı mükəmməl rəqəmli səs və ən yaxşı Hollivud blokbasterini özündə birləşdirən texnologiyadır. Qeyd edək ki, kino sənayesində daim qabaqcıl texnologiyalar təqdim edilərək durmadan inkişaf gedir. Onlardan ən mükəmməli İMAX hesab edilir.
Kinoteatr yüksəkmərtəbəli “Flame Towers” binalar kompleksinin birində olacaq.
İMAX sözü iki ingilis kəlməsinin birləşməsindən yaranıb: “İmage maximum”, yəni “maksimal görüntü”. Adi kino sistemlərindən fərqli olaraq İMAX formatında kadrın ölçüsü üç dəfə böyük, ekranın ölçüləri isə ona müvafiq olaraq daha iridir.
İlk “Pələng övladı” adlı İMAX filmi Yaponiyanın Osaka şəhərində “Expo-70” zamanı nümayiş olunub. 1971-ci ildə Torontoda açılmış ilk İMAX adlı “Kinosfera” kinoteatrı isə bu günə kimi fəaliyyət göstərməkdədir.
İMAX həqiqətən də son dərəcə realistik təəssürat yaşada biləcək, görüntüləri yüksək təsir bağışlayan əyləncədir. Onun sehrli görüntüləri sizi olmadığınız yerlərə aparmağa qadirdir. Verdiyi təsvirin həcmi sayəsində özünüzü hadisələrin mərkəzində və baş verənlərin qəhrəmanı hiss edirsiniz.
Bundan əlavə, İMAX – proqram təminatlarının, tikinti və yeni avadanlıqların mənimsəməsində yardımçı olan yüksək texnologiyadır. Misli olmayan İMAX dünyanın cəmi 52 ölkəsinin 660 kinoteatrında təqdim olunub. Yaxın zamanda ən yaxşı format Bakıda da təqdim olunacaq.
 





17.06.2013    çap et  çap et