Vaxt.Az

Dövlət qulluğunda 348 vakant yer


 

Müsabiqə və ümumi müsahibə elan edilib

Dövlət qulluğunda 348 vakant yer Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) 23 dövlət orqanında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan 348 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə və ümumi müsahibə (mərkəzi icra hakimiyyəti və məhkəmə orqanları üzrə) elan edir.
DQMK-dan verilən məlumata görə, müsabiqəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 315-i mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 25-i isə apelyasiya və birinci instansiya məhkəmə orqanlarının aparatlarındadır. 
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrindən 6-sı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatları və yerli təşkilatlarında, 2-si isə ağır cinayətlər məhkəməsindədir.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni müsabiqə və ümumi müsahibə elan edilib. Müsabiqəyə çıxarılmış vakant dövlət qulluğu vəzifələrinin tutulma prosesi iki mərhələdən – test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müvafiq vəzifənin tələblərinə uyğun gələn, ali təhsilli hər bir Azərbaycan Respublikasının vətəndaşı müsabiqədə iştirak edə bilər.
Müsabiqənin test imtahanı mərhələsi zamanı namizədlərin dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili, qanunvericilik, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılacaq.
DQMK-nın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilib. Test imtahanı zamanı test tapşırıqları bu proqramlar çərçivəsində olacaq.
Müsabiqədə iştirak etmək arzusunda olan vətəndaşlar 30 gün müddətində komissiyanın internet saytında yerləşdirilmiş elektron müraciət formasını doldurmaqla və ya kağız daşıyıcılar vasitəsilə komissiyada qeydiyyatdan keçməlidirlər.
Ümumi müsahibədə inzibati vəzifələrdə çalışan dövlət qulluqçuları (qeyd edilən şəxslərin inzibati vəzifələrə uyğun ixtisas dərəcəsi olmalıdır) və azı 5 il dövlət qulluğunda inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər. Həmin şəxslər sənədlərini 20 gün müddətində Komissiyaya şəxsən və ya poçt vasitəsilə təqdim etməlidirlər.
Ən çox vakansiya mərkəzi icra hakimiyyəti orqanları üzrə Əmlak Məsələləri Dövlət Komitəsi (144 yer), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (87 yer), Gənclər və İdman Nazirliyinin (70 yer), məhkəmə orqanları üzrə isə Şirvan Apelyasiya Məhkəməsi (10 yer) və Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin (9 yer) payına düşür.
 





25.10.2013    çap et  çap et