Vaxt.Az

«Şəxsi təyyarəm ola bilərdi...»


 

Anar Nağılbaz: «İndiki düşüncə ilə bir çox mahnılarımı yazmazdım»

«Şəxsi təyyarəm ola bilərdi...» Bu günlərdə yazdığı status səs-küyə səbəb oldu. «Yox olmaq istəyirəm. Rahat yolunu kim bilir?» sualı ilə onu sevənləri təşvişə saldı. Söhbət tanınmış reper Anar Nağılbazdan gedir.

Son illər onu narahat edən səbəblərin çox olması, üstəlik, belə bədbin ruhlu status pərəstişkarlarının ciddi narahatlığına səbəb oldu. Onlar reperə dəstək oldular: «Mənəvi dəstəyim çoxdur. Ətrafımda yaxşı insanlar, dostlar çoxdur. Mən onların hər birinin - Azərbaycanın, insanlarımızın qarşısında baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin! Hər an şəhid olmağa hazır insanam».

Anar Nağılbaz deyir ki, repdən uzaqlaşması bu sahəyə marağın nisbətən azalması ilə bağlıdır: «İnsanın özünə qapandığı dövrlər də olur, düşündüyü dövrlər də, papağını qarşısına qoyub fikirləşdiyi dövrlər də. Biz düşünə-düşünə böyüyürük. Yanıldığımız dövrlər də olur. Səhvsiz insan yoxdur. İndiki düşüncə ilə bir çox mahnılarımı yazmazdım».

Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində özünün «Azəri İmic» prodüser mərkəzi olub və orada tələbələr yetişdirib. Mərhum reper Hüseyn Dərya, rejissor Kənan MM, Rüfət Axundov və bu gün tanınan simaların 90 faizi bu məktəbin yetirmələridir: «Miri Yusif isə fenomendir. Yaradıcılıqla qaynayan bir insandır. Bizim canlı klip şou dövründə, istər Vaqif Gərayzadə ilə «Aypara» qrupu dövründə, istər «Dəyirman» qrupu dövründə istərsə də fərdi fəaliyyəti dövründə işləri yaddaqalandır, təqdirəlayiqdir».

Şou-biznes nümayəndələrinin əsas gəlir mənbəyi toylardır. Lakin Anar Nağılbazı el şənliklərinə çox da dəvət etmirlər. 2-3 ayda bir dəfə klubda çıxışları olur. Amma daimi qazancı yoxdur: «Şanslarım çox olub. Şansları həyatda gərək vaxtlı-vaxtında dəyərləndirəsən. Bu gün bəlkə də şəxsi təyyarəsi olan bir insan olardım. Həyat davam edir. İstəyim, arzularım, görəcəyim işlər çoxdur. Hesab edirəm ki, bundan sonra nə nailiyyətim olsa da, televiziya sahəsində olacaq».

 





10.02.2017    çap et  çap et