Vaxt.Az

«Rusiya provokasiyaya gedə bilər»


 

Armen Qriqoryan: «Ruzinskinin bəyanatı Bakıya həmçinin onu deyir ki, ... »

«Rusiya provokasiyaya gedə bilər» «Rusiya Dağlıq Qarabağda sülhməramlı qüvvələrini yerləşdirmək üçün münaqişəsə zonasında provokasiyaya gedə bilər». Bu sözləri erməni politoloq Armen Qriqoryan «Aravot» qəzetinin əməkdaşı ilə söhbətində deyib.
Politoloq əlavə edib ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandiri Andrey Ruzinskinin Azərbaycan yönəlik hədələyici tonda səsləndirdiyi bəyanat onun versiyasını gücləndirir. Xatırladaq ki, 102-ci hərbi bazasının komandiri A.Ruzinski oktyabrın 10-da «Krasnaya Zvezda» qəzetinə müsahibəsində Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağ üzərində yurisdiksiyanı güc yolu ilə bərpa etməyi qərara alacağı halda hərbi bazanın KTMT çərçivəsində Rusiya Federasiyasının müqavilə öhdəliklərinə uyğun olaraq silahlı münaqişəyə müdaxilə edə biləcəyini qeyd edib.
«Fikrimcə, Ruzinskinin bəyanatı Bakıya həmçinin onu deyir ki, Gömrük Şurasına üzvlüyü barədə ciddi fikirləşsin. Gömrük Şurasından imtina ediləcəyi halda hadisələrin başqa istiqamətdə inkişafını tamamilə istisna etmək olamaz», - A.Qriqoryan söyləyib.
Sirr deyil ki, münaqişə zonasında sülhməramlılarını yerləşdirmək istəyindən heç vaxt geri çəkilməyib. Bir neçə gün bundan əvvəl belə bir informasiya yayılmışdı ki, işğal altında olan rayonlardan ilkin mərhələdə 5-i azad oluna bilər. Bildirilir ki, Moskva bunun əvəzində Azərbaycandan Gömrük Şurası və Avrasiya İttifaqına üzv olmasını, eyni zamanda Dağlıq Qarabağda rus sülhməramlılarının yerləşməsinə razılıq verməsini istəyir. Söhbət beynəlxalq sülhməramlı qüvvələr əvəzinə bölgədə MDB bayrağı altında yalnız Rusiya hərbçilərinin yerləşdirilməsindən gedir.
Məlumdur ki, ATƏT vaxtlə Moskvanın bu istəyinə qarşı çıxıb və sülhməramlıların yalnız 30 faizinin ruslardan ibarət ola biləcəyini bildirib. Rusiya isə bununla razı deyil. Sözügedən 30 faiz də o halda mümkün idi ki, tərəflərin heç biri buna etiraz etməsin. Azərbaycan o zaman buna etiraz edirdi və bildirirdi ki, qonşu ölkələrin qüvvələri sülhməramlıların tərkibinə daxil edilməsin. Azərbaycanın şərti bu idi ki, qonşu olan ölkələrin silahlı qüvvələrinin sülhməramlıların tərkibinə daxil ediləcəyi halda, Azərbaycan Türkiyə hərbçiləri də sülhməramlı kimi bölgədə iştirak etsin. Təbii ki, Azərbaycanın bu şərti ilə nə Rusiya, nə də Ermənistan razı olardı.
 





05.11.2013    çap et  çap et