Vaxt.Az

Yeni nazir müşavirə keçirdi


 

Əsədov itən nüfuzun qaytarılmasını istəyir

Yeni nazir müşavirə keçirdi Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində respublika baytarlıq müşavirəsi keçirilib. Müşavirədə Dövlət Xidmətinin, rayon, şəhər baytarlıq idarələrinin, respublika və zona baytarlıq laboratoriyalarının rəhbərləri, alim və mütəxəssislər iştirak edib.
Respublika baytarlıq müşavirəsində çıxış edən nazir ölkənin baytarlıq xidmətinin müstəqillik dövründəki nailiyyətlərini qeyd edib, müasir dünyada baytarlığın mühüm rolundan söz açıb, baytarlıq xidmətinin qarşısında duran məqsəd və vəzifələrdən ətraflı danışaraq bu sahənin vacibliyi və inkişafı ilə bağlı fikirlərini bildirib. Nazir xatırladıb ki, “Baytarlıq haqqında” Qanuna uyğun baytarlıq xidmətinin başlıca vəzifəsi respublika ərazisində insanlar və heyvanlar üçün təhlükəli və iti yoluxucu infeksion xəstəliklərin qarşısını almaq, ölkədə epizootoloji sabitliyi təmin etməklə əhalinin ərzaq təhlükəsizliyinin təminatında xüsusi rola malik olmasıdır. 
Baytarlıq xidməti kollektivi ilə aparılan fikir mübadiləsi zamanı baytar həkiminin nüfuzunun bərpa olunması, həkimlərin layiq olduqları və müasir tələblər səviyyəsində çalışmaları müzakirə edilib, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə əməli işlərin görüləcəyi bildirilib.
H.Əsədov heyvanlar arasında baş verən xəstəliklərə qarşı aparılacaq mübarizə üçün xidmətin maddi-texniki bazasının yaxşılaşdırılmasının, laboratoriya və diaqnostik kabinetlərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini bildirib, yerlərdə çalışan mütəxəssisləri dinləyib.
Respublika baytarlıq müşavirəsində baytarlıq orqanlarının mövcud problemləri ilə yanaşı, uğurları, xidmətin qabaqcıl təcrübəsi barədə nazirə məlumat verilib.
Müşavirənin sonunda nazir Heydər Əsədov baytarlıq xidməti sahəsində çalışanlara mühüm tapşırıq və tövsiyələrini verin.
Sonra nazir Heydər Əsədov Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətində olub, Respublika Nəzarət Toksikologiya Laboratoriyası və Bitki Karantin Ekspertizası Laboratoriyasının iş prinsipi ilə tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib.
 





07.11.2013    çap et  çap et