Vaxt.Az

Əliyevdən Yanukoviçə jest


 

Ukraynanın TANAP-a yolunu açmaqla Azərbaycan prezidenti dost ölkənin enerji təhlükəsizliyinə qarant verdi

Əliyevdən Yanukoviçə jest Azərbaycan prezidentinin Ukraynaya səfəri zamanı iki ölkə arasında enerji tərəfdaşlığına dair mühüm anlaşma əldə olunub. Virtualaz.org saytı Ukrayna qaynaqlarına istinadən xəbər verir ki, tərəflər Ukraynanın TANAP qaz kəməri layihəsinə qoşulması üçün işçi qrupu yaradıblar. Bu barədə Ukraynanın energetika və kömür sənayesi naziri Eduard Stavitski bildirib.
“Ukraynanın TANAP-da iştirakı nəzərdə tutulur. Bu qaz kəməri Gürcüstan və Türkiyədən keçməklə Avropaya çıxacaq. Biz Ukraynanın bu layihədə həm investor kimi iştirakını təklif etmişik, həm də Ukrayna şirkətlərinin kəmərin çəkilməsi üçün boru istehsalçısı ola biləcəyini bildirmişik. Həmçinin təklif etmişik ki, kəmərdən bir qol ayrılıb Qərbi Ukraynaya istiqamət alsın” - deyə nazir bildirib.
E.Stavitski deyib ki, layihənin texniki-iqtisadi əsaslandırmasını işləyib hazırlamaq üçün işçi qrupu yaradılıb.
Qeyd edək ki, Ukraynanın Transanadolu qaz kəməri layihəsinə qoşulmaq istəyi məlum idi. Lakin bu vaxta qədər nə Azərbaycan, nə də Türkiyə rəhbərliyi Ukraynanın TANAP xahişlərinə müsbət cavab verməmişdi.
Ukrayna mətbuatı yazmışdı ki, prezident Viktor Yanukoviç Azərbaycan prezidenti İlham Əliyevdən TANAP barədə xahiş edəndə o məsələnin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandan asılı olduğunu. Ərdoğandan xahiş edəndə isə məsələnin İlham Əliyevdən asılı olduğunu bildirir.
Lakin indi Azərbaycan prezidentinin Kiyevə səfəri zamanı Ukraynanın Rusiyadan enerji asılılığından xilas olmasına yönəlmiş istəyi ilkin olaraq dəstək tapıb. Tərəflər Ukraynanın layihədə iştirakını işləyib hazırlamaq üçün işçi qrupu yaradıblar.
“Ukrayna və Azərbaycanın enerji sahəsində qarşılıqlı əməkdaşlığı prioritet istiqamətlərdən biridir”.
Bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna-Azərbaycan ikitərəfli danışıqlarının yekunları ilə bağlı mediaya açıqlamasında deyib. O bildirib ki, Ukrayna enerji növlərinin etibarlı tranzit ölkəsi, Azərbaycan isə etibarlı təchizatçısıdır: “Bizim ölkələrimiz karbohidrogen ehtiyatlarının Avropa istiqamətində nəqli məsələlərində birgə səylər üçün hər cür imkana malikdir”.
V.Yanukoviçin fikrincə, bu və digər məsələlərdə əməkdaşlıq iki dövlətin Xəzər-Qara dəniz regionunda mövqelərini gücləndirəcək. 
Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, bu gün yanacaq-energetika kompleksində iki ölkənin fəal əməkdaşlığı üçün çox istiqamət var: “Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi bir çox dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Enerji sahəsi də daxil olmaqla, Xəzər-Qara dəniz regionunda əməkdaşlıq bizim birgə fəaliyyətimizin nəticəsidir”.
 





18.11.2013    çap et  çap et