Vaxt.Az

«Ukraynaya səfər Rusiyaya açıq mesajdır»


 

Vəfa Quluzadə: «Hər ikisi bir imza ilə istiqamətlərini konkretləşdirəcək»

«Ukraynaya səfər Rusiyaya açıq mesajdır» «Prezident İlham Əliyevin Ukraynaya səfəri Rusiyaya qarşı birgə mövqedən çıxış etmək xarakteri daşıyır». Prezidentin Ukraynaya səfərini Hafta.az-a şərh edən politoloq Vəfa Quluzadə belə deyib. Onun fikrincə, İlham Əliyevin Ukraynaya səfəri Vilnüs sammiti öncəsi etməsi Rusiyaya açıq mesajdır:
«Ukrayna və Azərbaycan uzun illərin müttəfiq və dost dövlətləridir. Prezidentin Ukraynaya məhz bu tarixdə səfər etməsi hər iki ölkənin qərbə inteqrasiya etmək istədiyinin və Rusiyaya «yox» deməsinin açıq sübutudur. Mən əminəm ki, Azərbaycan və Ukrayna Vilnüs sammitində eyni mövqedən çıxış edəcək və hər ikisi də Avropa ilə sazişi imzalayaraq öz istiqamətlərini konkretləşdirəcəklər. Ona görə də səfəri olduqca uğurlu addım hesab edirəm».
Politoloq hesab edir ki, prezidentin səfəri zamanı iki müttəfiq ölkə Vilnüs sammiti ilə yanaşı, gələcək əməkdaşlıqları da müzakirə edəcəklər. Azərbaycanın Ukrayna ilə əməkdaşlığını yüksək qiymətləndirən V.Quluzadə düşünür ki, bu dövlətləri Rusiyanın təzyiqindən Amerika və NATO müdafiə edəcək: «Vilnüsdə sazişləri imzalayandan sonra Rusiyanın təzyiqləri sıfıra bərabər olacaq. Çünki rəsmi Vaşinqton və NATO bu təzyiqdən müdafiəni öz üzərinə götürüb. Onu da qeyd edim ki, Rusiya demək olar ki, Azərbaycana miqrantları deportasiya etməklə az da olsa göstərib. Ukraynaya gəlincə isə Rusiya rəsmi Kiyevə qaz kartından istifadə etməklə təzyiq edə bilər. Belə məqamda isə Azərbaycan öz köməkliyini düşünürəm ki, Ukraynadan əsirgəməyəcək. Elə bu məsələlər də Ukraynada müzakirə olunacaq mövzulardan olacaq».
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya gedib. Azərbaycan Prezidentinin Ukraynaya Vilnüs sammiti ərəfəsi reallaşan bu səfəri ciddi maraq doğurur. Çünki noyabrın sonlarında Vilnüsdə keçiriləcək «Şərq Tərəfdaşlığı» sammitində Ukrayna Avropa İttifaqı ilə azad ticarət və assosiativ üzvlüklə bağlı razılaşma imzalamağı planlaşdırır.
 





18.11.2013    çap et  çap et