Vaxt.Az

Futbol klubları niyə dağılır?


 

İşsiz futbolçuların acınacaqlı sonluğu

Futbol klubları niyə dağılır? Futbol üzrə Azərbaycan çempionatının güclülər dəstəsində - Topaz Premyer Liqasında fəaliyyətini dayandıran klubların sayı xeyli artıb. 2016-2017 - ci il mövsümü üçün liqada çıxış edən klubların sayı 12-dən 8-ə endirilib. Bəs bu hal Azərbaycan milli komandasına necə təsir edir?! Klublar niyə yaradılmışdı, indi niyə ləğv olunur?

Modern.az bunun səbəblərini araşdırıb və ortaya maraqlı faktlar çıxıb.

Hazırda AFFA-nın məşqçilər komitəsində fəaliyyətini davam etdirən təcrübəli mütəxəssis Ağasəlim Mircavadov mövzuya dair fikirlərini bizimlə bölüşüb: «Mən klubların fəaliyyətini dayandırmasını maliyyə səbəbləri ilə əlaqələndirirəm. Bu çox böyük  bir mövzudur. İki kəlmə ilə bu məsələni bitirmək olmaz. Ancaq konkret şəkildə deyə bilərəm ki, hazırda sponsor yoxdur. Bu da həlledici rol oynayır. Bu məsələlərə görə AFFA-nı günahlandırmaq düzgün deyil. Onlar 8 komanda saxlayır. Bu barədə əlindən gələni edir. Yaxşı oyunçuları AFFA təşkilatı dəstəkləyir və xaricə göndərir».

Əməkdar məşqçi Premyer Liqada klubların sayının azaldılmasının milli komandaya da mənfi təsir etdiyini bildirib: «Siz özünüz təsəvvür edin. Biri var 8 klubdan oyunçu seçəsən, biri də var 16 klubdan. Yəni nə qədər oyunçu çox olsa, məşqçi tərəfindən keyfiyyətli seçim etmək imkanları bir o qədər geniş olur. Buna baxmayaraq, qeyd edim ki, hazırda milli komandanın Dünya Çempionatının seçmə mərhələsində çıxışı təqdirəlayiqdir. Bildiyiniz kimi, 7 xal toplamışıq. Bu çox yaxşı göstəricidir. Növbəti matç İrlandiya ilə gerçəkləşəcək. Bu da çox vacib oyundur. Onu da deyim ki, yığmaya cavan oyunçular da dəvət olunub. Hər halda iş gedir».

Vaxtilə «Xəzər-Lənkəran», «Bakı» kimi klubların məşqçisi olmuş futbol mütəxəssisi, bu klubların fəaliyyətini dayandırmasından təəssüf hissi keçirdiyini vurğulayıb:

«Əlbəttə, «Xəzər-Lənkəran», «Bakı» kimi nəhəng klubların Topaz Premyer Liqasında çıxış etməməsi Azərbaycan futboluna böyük bir zərbədir. Eləcə də digər klubların fəaliyyətini dayandırması. Mən «Xəzər-Lənkəran»da işlədiyim müddətdə o bölgədə hər məşq futbol bayramı havasında idi. Həmçinin, digər bölgələrimizdə də... Çünki Azərbaycanın hər bölgəsində futbola maraq yüksək dərəcədədir».

Qol.az saytının redaktoru Aydın Bağırov: «Klublarının sayının azaldılması uşaq futbolundan başlayaraq, istər klublara, istərsə də milli komandanın bu gününə və gələcəyinə ciddi zərbədir. Belə amillərə görə milli səviyyədə uğur əldə etmək baxımından korluq çəkirik. Bildiyiniz kimi,  son olaraq sayılıb-seçilən klublardan «Bakı», «Xəzər-Lənkəran», eləcə də «Araz-Naxçıvan» və «Simurq» axırıncı mövsümdə fəaliyyətini dayandırdı. «Bakı»  klubu iş adamı Hafiz Məmmədovun iqtisadi vəziyyətinin ağırlaşması, «Xəzər-Lənkəran» isə «Palmali» şirkətindəki problemlərə görə çıxışını dayandırmaq məcburiyyətində qaldı. Bu, Azərbaycan futbolu üçün acı təcrübədir. «Araz-Naxçıvan»a gəldikdə,  maliyyə deyil, başqa səbəblərlə əlaqəli fəaliyyətini dayandırdı».

A.Bağırov Azərbaycanda peşəkar klub anlayışının formalaşmadığını qeyd edib: «Azərbaycanda klublar birbaşa sponsordan asılıdır. Əslində isə belə olmamalıdır. Çox uzağa getməyək. Adicə qonşu ölkələrə nəzər saldıqda görərik ki, hər bir klubun yüzlərlə üzvü olur və hər ay üzvlük haqqı alınır. Bunun özü kluba böyük dəstəkdir. Həmçinin bilet, forma satışı və klubun atributlarından əldə olunan gəlir də əhəmiyyətli dayaqdır».

«Sponsorun öz həvəsi, stimulu olmalıdır» deyən jurnalist çatışmayan cəhətləri izah edib: «Adi qaydada, kluba sponsor olan şirkət (söhbət iri şirkətlərdən gedir), vergidən azad olunur və bu, onda bir stimul yaradır. Ona görə ki, bir kluba sponsorluq etsin, sərmayə qoysun. Məlumdur ki, klubun çıxışı uğurlu alınsa ,yəni UEFA Çempionlar Liqası və yaxud AvroLiqaya vəsiqə qazanarsa, əlavə gəlir əldə olunur».

Jurnalist klubların fəaliyyətinin dayandırmasından sonra futbolçulardan daha çox, işsiz qalan klub işçilərini düşündüyünü bildirib: «Müəyyən futbolçular var ki - təcrübəli və hazır formada olan oyunçulardır- özlərinə klub tapırlar. Lakin mən bu məsələyə təkcə bir tərəfdən yox, hər iki tərəfdən baxıram. Belə ki, klubun onlarla, yüzlərlə əməkdaşı var. Bu durumda onlar da işsiz qalmış olur. Özü də belə bir vaxtda. Məni daha çox kədərləndirən məsələ budur».

İdman şərhçisi Ceyhun Rzayev ölkəmizdə yaşanan devalvasiyanın futbola təsirsiz ötüşmədiyini vurğulayıb: «Məlum olduğu kimi, AFFA bir tək SOCAR tərəfindən dəstəklənir. Hazırda bütün sponsorlar qırağa çəkilib və belə bir vəziyyət alınıb. Bu işlərdə maliyyə məsələləri mühüm rol oynayır. Peşəkar Futbol Liqasında klub sayının az olması gələcəkdə Azərbaycan futbolu üçün fəsadlar yarada bilər. Belə ki, həm oyunçu, həm də məşqçi yetişməsi baxımından  klubun sayı nə qədər çox olsa, o qədər yaxşıdır».

Müsahibimiz klubsuz qalan oyunçular haqqında da fikir bildirib: «Fəaliyyətini dayandıran klubların növbəti mövsümdə də bərpa olunacağını düşünmürəm. Məndə olan məlumata görə, klubsuz qalan futbolçulardan bəziləri fubolu buraxır, bəziləri isə Türkiyənin 5-ci divizionu olan « Bal liqası»nda çıxış edən klublara cəlb olunub. Bundan əlavə, AFFA-nın istedadlı oyunçuları dəstəklədiyi məlumdur. Elnur Cəfərov bu qəbildən olan futbolçulardandır. Hazırda bu futbolçu həmin dəstəklə Xorvatiyanın «NK Dugopolje» klubunda çıxış edir».

 





15.05.2017    çap et  çap et