Vaxt.Az

Hostellərə nəzarət mexanizmi necə olsun?


 

Turizm müəssisələri haqda məlumatları və standartları özündə əks etdirən reyestr yaradılmalıdır

Hostellərə nəzarət mexanizmi necə olsun? Azərbaycanda turizm müəssisələrinə, o cümlədən hostellərə nəzarət üçün mütləq mexanizm yaradılmalıdır. Bunu «Trend»ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib. Onun sözlərinə görə, Mədəniyyət və Turizm Nazirliyi hostellərin qeydiyyatını aparmadığından, onların sayını müəyyənləşdirə bilmir. Ona görə də mütləq reyestr hazırlanmalı və hostellərin adları oraya daxil edilməlidir: «Hostellərin sayı yalnız vergi orqanlarında olur. Bu, düzgün deyil. Necə ola bilər ki, necə dənə hostelin açılmasından Mədəniyyət və Turizm Nazirliyinin məlumatı olmur? Məlumat olmadıqda, işi təşkil etmək çox çətindir. Çünki informasiya olmadıqda, ölkədə nə qədər hotelə, hostelə ehtiyacın olduğunu müəyyənləşdirmək mümkün deyil. Buna görə də yeni açılan turizm müəssisələrinin hamısı nəzarət mexanizmindən keçməlidir». Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyev bir müddət əvvəl Trend»ə bildirib ki, turizm müəssisələrinə nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar. O bildirib ki, belə bir təcrübə müxtəlif dünya ölkələrində var: «Turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün müxtəlif ölkələrdə Dövlət Turizm Reyestri yaradılır. Həmin ölkədə fəaliyyət göstərən turizm şirkətləri, hotellər, bələdçilər bu reyestrə mütləq şəkildə daxil olmalıdırlar. Azərbaycanda da belə bir təcrübəni tətbiq etmək olar».

Bəs görəsən bu nəzarət mexanizmi necə yaradılmalıdır? Mövzu ilə bağlı ekspertlərin fikirlərini öyrəndik.

Turizm və Menecment Universitetinin rektor əvəzi Eldar Aslanov bizimlə söhbətində bildirdi ki, turizm sahəsinin ən böyük problemlərindən biri paytaxtda və regionlarda aşağı ulduzlu, sosial yönümlü yerləşdirmə yerlərinin azlığıdır: «Həm yol xəritəsində, həm də nazirliyin fəaliyyəti sahəsində əsas diqqət yetirilən məqamlardan biri də məhz budur. İndi hostel açmaq belə demək olarsa, dəbə minib. Regionlarda, Bakıda yeni-yeni xeyli sayda hostellər açılır. Təbii ki, bu yalnız alqışlanmalıdır. Amma burada ciddi bir məqam var ki, bu da həmin hostellərin müəyyən standartlara cavab verməməsidir. Hosteldə  insanlar qalırsa, gigiyenik, təhlükəsizlik və digər normalar mütləq  gözlənilməlidir. Dünyada bu nəzarət mexanizmləri ilə bağlı müxtəlif təcrübələr var. Məsələn, bəzən müəyyən mərhələyə qədər dövlətin ayrı-ayrı idarəetmə alətləri bu işə nəzarət edir. Bəzi ölkələrdə isə hostellərin öz assosiasiyaları var. Bu assosiasiyalar özünü tənzimləmə qurumlarıdır və burada standartlar müəyyənləşdirilir. Həmin standartlar əsasında arzuolunmayan hostellərin siyahısı hər il açıqlanır və ictimaiyyət bu haqda məlumatlandırılır. Əhaliyə bildirilir ki, həmin hostellərdə qalmaq tövsiyə edilmir. Çünki həmin hostellər qəbul edilən ümumi standartlara cavab vermir. Hesab edirəm ki, biz bu işi hər iki istiqamətdə  aparmalıyıq».

E.Aslanov deyir ki, əsas məsələ vətəndaşların və ölkəmizə gələn qonaqların təhlükəsiz şəraitdə istirahət edib öz ünvanlarına dönməsini təmin etməkdir: «Bu mənada ilk növbədə ictimai nəzarətin vacibliyni vurğulamaq istərdim. Həmçinin bununla yanaşı, prezidentin 1 sentyabr 2016-cı ildə verdiyi sərəncamla Dövlət Turizm Reyestri yaradılıb. Reyestrin mexanizmi turizmlə bağlı yol xəritəsində də öz əksini tapıb.  Mayın 2-də Bakı Biznes Mərkəzində keçirilən Turizm-Əmək Yarımarkasında həmin reyestrin ilkin demo versiyası Əbuülfəs Qarayevə də təqdim olundu. Qeyd edim ki, bu yaxınlarda sözügedən  reyestr fəaliyyətə başlayacaq. Reystrin tərkibinə nəzarətlə bağlı bütün məlumatlar daxil ediləcək. Kimlər bu reyestrə daxil edilibsə, nazirlik və Turizm Assosiasiyası və digər mütəxəssislər gedib onları yoxlayacaqlar. Hostellərin şəkilləri, ünvanı, sosial media və internet ünvanı, əlaqə nömrələri bu reyestrdə yerləşdiriləcək. Mütəxəssislər isə bunun reallığı əks etdirib-etdirməməsi ilə bağlı monitorinq edəcəklər. Əgər deyilənlər həqiqəti əks etdirirsə, o zaman bu hostellər reyestrə salınacaq. Mədəniyyət və Turizm Nazirliyi reyestrə salmaqla həmin qurumu tanıyacaq. Əhaliyə də reyestrdə məlumatları əks olunmuş şirkətlərin işlərindən faydalanmaları, turizm təhsili və bələdçi sertifikatı alan məzunların xidmətlərindən faydalanmaları tövsiyə olunacaq. Siyahıda olan və məlumatları detallı şəkildə əks olunan qurumları dövlət tanıyacaq. Məlumatlara uyğun şəkildə xidmət göstərməyən hostel cəza olaraq dövlət tərəfindən bir illik, yaxud həmişəlik həmin reyestrdən çıxarılacaq və bu, ictimaiyyətə açıqlanacaq. Bu yaxınlarda reyestrin tərtibi ilə bağlı qaydaları özündə əks etdirən sənədin təsdiqi gözlənilir. Qeyd etdiyim məsələlər də həmin qaydada öz əksini tapacaq».

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov isə qeyd etdi ki, hostellərin standartları hazırlanmalıdır: «Hesab edirəm ki, müasir turizm qurumları və turizm ictimai təşkilatları dövlət qurumları ilə birgə bu məsələni həll etməlidirlər. Hostellər haqqında sərəncam verilirsə, bu iş kompleks şəkildə həyata keçirilməlidir. Düşünürəm ki, bu standartlar hazırlanarkən hostelin harada yerləşməsi, necə olması və fəaliyyəti mültəq nəzərə alınmalıdır. Hostellərin çox olması əlbəttə, çox vacibdir. Lakin bu o demək deyil ki, kim harda istəyir, necə gəldi hostel aça bilər. Bunun öz standart və mexanizmi olmalıdır. İdarəetmədə ən vacib məqamlardan biri də nəzarət mexanizmidir. Nəzarət olmayan yerdə özbaşınalıq olur. Bizim məqsədimiz lazım olan turizm şirkətinə, hotellərə istiqamət və tövsiyələr verməklə, onların standartlar üzrə xidmətlərini təşkil etməkdir. Nəzarət olmalıdır ki, onlar fəaliyyətlərini düzgün mövqedə və düzgün istiqamətdə davam etdirə bilsinlər. Düşünürəm ki, bu, müştərilərə yüksək səviyyədə xidmət göstərilməsi baxımından da çox vacibdir. Nəzarət olmadığına görə indi hər hansı fiziki şəxs turizm şirkəti açır, yaxud hotel inşa edir. Turizm isə bir elmdir. Bu kimi neqativ hallar  gələcəkdə ciddi problemlər yarada və turistlərin narazılığına səbəb ola bilər. Ona görə də mütəxəssisləri bu işə cəlb etməklə nəzarət mexanizmi yaratmaq lazımdır ki, iş düzgün istiqamətdə qurulsun».

 





04.06.2017    çap et  çap et