Vaxt.Az

Azərbaycana gəlmək üçün 10 səbəb


 

Türkiyə mətbuatı: «Bakıda özünüzü Parisdə və ya Vyanada gəzirmiş kimi hiss edə bilərsiniz»

Azərbaycana gəlmək üçün 10 səbəb Qardaş Türkiyə mətbuatında Azərbaycanın turizm potensialı, tarixi yerləri, əsrarəngiz təbiəti ilə bağlı maraqlı materiallar dərc edilməkdədir. Həmin materiallarda ölkəmizdə turistlərin diqqətini cəlb edə biləcək xeyli sayda obyektlərin olduğu xüsusi vurğulanır. Bu günlərdə Türkiyənin nüfuzlu «Sözçü» qəzetində də belə bir material dərc edilib. Müəllif məqaləsini «Azərbaycana getmək üçün 10 səbəb» adlandırır və yazır ki, Heydər Əliyev adına aeroportdan Bakıya daxil olan kimi, xoş auranın şahidi olursan. «Pasport idarəsində «digər ölkə» vətəndaşları üçün ayrılan hissədə gözləyərkən, aeroport əməkdaşı əlinizdəki pasportu görərək sizi xəbərdar edir - «siz türksünüz, bu ölkə sizin və istədiyiniz yerdən keçə bilərsiniz» deyir». Reportajda yerli sakinlərin Türkiyə və onun insanlarına olan münasibətinin yüksək səviyyədə olduğu xüsusi vurğulanır.

«Getdiyiniz bir restoranda sizə xidməti edən qarson başını önə əyib bir az da utancaq bir səs tonu ilə «biz sizi çox sevirik» deyir.  Budur - iki nümunə. Belə hallara Azərbaycanda tez-tez rast gələ bilərsiniz. Çünki orada sizləri görməkdən xoşbəxt olacaq və qucaqlayacaq qardaşlarınız var». Məqalədə daha sonra Azərbaycanı ziyarət etmək üçün səbəblər bir-bir sadalanır. «Azərbaycanda türk olduğunuzu biləndə hər kəs sizə ayrı bir simpatiya ilə yanaşır. «Türkiyənin harasındansan» deyə soruşmazlar. Onlar üçün türk olmanız kafi. Səyahət edərkən sizi qucaqlayan azərbaycanlı soydaşlarınızdan «iki dövlət, bir millət» deməklərini tez-tez eşidəcəksiniz. Türklərin xaricə çıxarkən çəkindikləri ən əhəmiyyətli mövzuların başında «xarici dil» problemi gəlir. Əslində bu problemi yaşamayacağın bir ölkə Azərbaycandır. Öz dilinizdə danışaraq, qarış-qarış gəzə bilərsiniz».

Müəllif daha sonra Azərbaycan mətbəxinin dadından bəhs edib: «Azərbaycana getmək üçün səbəblərin başında mətbəxləri durur. Müdhiş bir zənginliyi olan Azərbaycanda qidanın ən təbii və ləzzətli halı ilə qarşılaşırsınız. Şorbalar, yarpaq dolması, plovlar və ətli yeməklər mütləq hər zaman istəyəcəyiniz yeməklərin başında gələcək». Daha sonra Azərbaycanın tarixi, müstəqillik əldə etməsi barədə danışılır: «Azərbaycan dərin bir tarixə sahib. 30 avqust 1991-ci ildə SSRİ-nin dağılması ilə ​​müstəqilliyini elan edən Azərbaycanın qədim dövlətçilik ənənələri var - Manna, Midiya, Skif, Atropatena, Alban dövrlərinə aid izlər daşıyır. İçəri Şəhər ziyarət etməli olduğunuz ən gözəl yerlərdən biridir. Osmanlıdan, ərəblərdən, sovetlər birliyindən qalma bir çox əsər sizi qarşılayır. Müasir Bakının içində diqqətlə qorunan və peşəkar bir şəkildə ziyarətə təqdim edilən bu əsərlər sizi Bakı içində başqa diyarlara götürəcək».

Əlavə edilir ki, geniş və təmiz prospektlər, bir çox memarlıq xüsusiyyətlərini bünövrəsində saxlayan binalarla sizi qarşılayan Bakıda, dərhal diqqət çəkən sahələrdən biri də muzeylərdir. Ənənələrinə və tarixinə böyük əhəmiyyət verən Azərbaycan xalqı bunu nümayiş etdirmək üçün dünya standartlarının üzərində bir səy göstərir. Bakı mərkəzində diqqətinizi çəkə biləcək bir yerlə rastlaşırsınız. Bu, məşhur memar Zaha Hədidin müəllifi olduğu Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzidir. Eləcə də, Xalça Muzeyi, Tarix Muzeyi, Müasir İncəsənət Muzeyi, Kukla Muzeyi, Muğam Mərkəzi və onlarca belə yerlər var. Dünyanın ilk və tək miniatür kitab muzeyi də Bakıda - İçəri Şəhərdədir. Miniatür Kitab Muzeyində 66 ölkədən kitablar sərgilənir. Yalnız 7,5 sm.-dən kiçik kitabların miniatür olaraq qəbul edildiyi muzey «Ginnesin rekordlar kitabı»na da daxil olub. Bakıda - İçəri Şəhərdə gəzərkən üzərində qadın portretləri olan bir ağac diqqətinizi çəkəcək. Bu, xüsusilə turistlərin böyük marağını çəkir. Bu ağac rəssam Əli Şəmsi sayəsində ikinci baharını yaşayır. O, Azərbaycanın əhəmiyyətli rəssamlarındandır. Gəlib ağaca toxunan və qarşısında fotoşəkillər çəkdirən insanlar sayəsində illərdir yarpaq belə verməyən ağac indi maraq sayəsində canlanıb və inkişafa başlayıb.

Azərbaycanın qürur abidələrindən biri də Heydər Əliyev Mərkəzidir. 2013-cü ildən fəaliyyətə başlayan 101 min kvadrat metrlik mədəniyyət mərkəzi Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyət başlamasının 8-ci ildönümündə - 5 noyabrda təşkil edilən bir mərasimlə fəaliyyətə başlayıb. İçində konsert salonu, konfrans salonu, kitabxana, muzey, sənət qalereyaları saxlayan bina, Xəzər dənizinin yüksəlişini əks etdirən memarlıq nümunələri ilə diqqət çəkir. Mərkəzi gəzərkən Azərbaycan tarixindən izlərləə, milli geyim və alətlərdən nümunələrə, sənət əsərlərinə rast gələ bilərsiniz.  Xüsusilə, Bakını gəzərkən irimiqyaslı strukturlar diqqətinizi çəkəcək. Hər biri bir-birindən estetik olan bu binalarda bir çox ölkəyə aid arxitektura izləri sizləri qarşılayır. Bakıda özünüzü bir anda Rusiyada, Parisdə və ya Vyanada gəzirmiş kimi hiss edə bilərsiniz. Ən gözəl nümunələrdən ilhamlanaraq edilən estetik binalar uzun illərdir turistlərin diqqətini çəkməyi bacarır».

O da qeyd edilir ki, paytaxt Bakı başda olmaqla, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir: «Turistlərin baş bəlası olan «oğurluq, təcavüz» kimi cinayətlər Azərbaycanda ağır sayılan cinayətlər içindədir. «Dünyanın ən etibarlı» ölkəsi kimi Azərbaycanı təyin etsək, səhv olmaz. Ölkəyə gələn turistlərin böyük bir qismini qəbul edən Bakıda 24 saat istədiyiniz yerdə bu etibarı hiss edirsiniz». Eyni zamanda, buraların alış-veriş üçün çox əlverişli bir yer olduğu vurğulanır. «Tam bir ticarət cənnəti. Dünyanın ən məşhur markaları Bakı prospektlərinə ayrı bir canlılıq qatır. Ən məşhur toxuculuq, kosmetik və avtomobil markaları ilə tez-tez rastlaşa bilərsiniz. Ətraf ölkələrdən də alver həvəskarlarının tez-tez ziyarət etdiyi mağazaların toplandığı ən əhəmiyyətli mərkəz isə Bakı limanıdır. Bölgənin ən lüks alver mərkəzi, dünya  nümunələrilə bir zənginlik və rahatlıq təqdim edir. Bunların yanında, Bakını gəzərkən bir çox türk markası ilə qarşılaşmağınız da sizi çaşdıracaq».

 





02.07.2017    çap et  çap et