Vaxt.Az

«Sorosun başı havalanıb»


 

Novruz Məmmədov: «Dünyada artan nüfuzu kimlərinsə yuxusuna haram qatıb»

«Sorosun başı havalanıb» «Corc Sorosun başı o qədər havalanıb ki, özünü beynəlxalq münasibətlərin əsas aktoru kimi aparır. O elə hesab edir ki, ona müxtəlif ölkələrin taleyini istədiyi kimi müdaxilə edərək həll etmək hüququ verilib».

Bunu Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün «Twitter» sosial şəbəkəsindəki səhifəsində yazıb.

«Bu gün Azərbaycanın uğurları, dünyada artan nüfuzu, sosial-iqtisadi tərəqqisi, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq düşmənlərimizin, bədxahlarımızın, bizi gözü götürməyənlərin yuxularına haram qatıb. Təəssüf ki, bugünkü beynəlxalq aləmdə hüquqi nihilizm o dərəcəyə çatıb ki, qısqanclıq və paxıllıq hissi ilə alışıb yanan bəzi ölkələr, təşkilatlar, qurumlar, dairələr, mətbuat orqanları hər vasitə ilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa, Qərb dünyası ilə münasibətlərimizi pozmağa, ölkəmizi tənqid və qınaq obyektinə çevirərək bütün dünyada gözdən salmağa cəhd göstərirlər. Bu çirkin niyyətlərini həyata keçirmək üçün isə hər vasitəyə əl atır, bütün imkanlardan istifadə etməyə, Soros kimilərin maliyyələşdirdiyi bədnam təşkilatların, yalan, iftira yaymağa meyilli olan mətbu orqanların «xidmətlərindən» yararlanmağa çalışırlar», - N.Məmmədov qeyd edib.

O bildirib ki, yalanın ömrü az olar, ayaq tutar, yeriməz: «Onlar Azərbaycana, ölkə rəhbərliyinə qarşı yönələn bu həmlələrlə dünya birliyini çaşdıra bilməzlər. Azərbaycan öz ədalətli mövqeyi, daxili və xarici siyasəti ilə dünyada böyük nüfuz qazanmışdır, öz inkişaf yolunu inamla davam etdirir, ona atılan heç bir çamuru, ləkəni götürmür. Soros isə qoy cavab versin maliyyələşdirdiyi təşkilatların terrorist elan olunması və qanundankənar hesab edilməsi haqqında Ağ Ev qarşısında avqust ayında qaldırılmış petisiyaya nə üçün az bir müddət ərzində 140 min nəfər tərəfdar çıxıb?!»

 





06.09.2017    çap et  çap et