U-21 milli komandamız İrlandiyaya 1:3 hesabı ilə uduzdu. Və çox biabırçı bir oyunuydu. Bunu ataq bir tərəfə, məni başqa şey maraqlandırır.
Mən «Tarixi-futbol»u yarıdan çox oxumuşam. Futbol haqqında az-çox təsəvvürüm var. U-17-lər və U-21-lər nə üçündü? Təbii ki, həm klublarımıza, həm də milli komandamıza təcrübəli oyunçular yetişdirmək üçün. Yəni gənclər bu oyunlara çıxmaqla beynəlxalq təcrübə qazanırlar. Sonra da o təcrübəni gəlib öz klublarında və daha sonra da təbii ki, milli komandada tətbiq edirlər. Yəni dünyaya açılırlar. Biri var «Neftçi» ilə, «Səbail»lə oynayasan, biri də var ki almanlarla, çexlərlə, irlandlarla və sair və ilaxır. Və bu komandalarda da əslində öz yetişdirmələrimiz oynamalı və təcrübə qazanmalıdır.
Amma təəssüf ki, irlandlarla oyunda 4 yabançı futbolçu vardı. Niyə, qardaş? Bəs, hanı sənin Futbol Akademiyalarının yetişdirdiyi gənclər?
Klub komandalarında yabançı futbolçunun olması təbiidir və bu bütün dünyada belədi. Amma day milli komandada, belə olmaz axı. Hanı sənin öz yetirmələrin? Qonşunu milliləşdirməklə milli olmur.
Yazılarımın birində qeyd eləmişdim. Lobanovski Ukraynanın az qala kəndlərinə düşüb istedadlı uşaqları yığırdı. Sizlər ərinirsiniz?
Seyran Səxavətin Qədir Rüstəmovdan aldığı məşhur bir müsahibə var. Seyran Qədirdən soruşur ki, uşaqlarına arvad tərəfdən ad qoymusan? Qədir deyir:
- Bizimkilər qırılıb ki?
İndi bizimkilər Allah eləməmiş, qırılıb ki, qonum-qonşu ölkələri yığıb tökürük bura? Atalar deyib ki, qonşuya ümid olan futbolsuz qalar.