Virtualaz.org-un xüsusi müxbiri bildirir ki, konfrans Moskvadakı «Prezident-Otel”də keçiriləcək.
Konfransın hədəfi –Rusiya-Azərbaycan münasibətlərinin cari vəziyyətini və perspektivlərini qiymətləndirməkdir. Qafqazda təhlükəsizliyin möhkəmlənməsində Rusiya və Azərbaycan əməkdaşlığına xüsusi diqqət yetiriləcək.
Tədbirdə Rusiya prezidentinin məsləhətçisi Sergey Qlazyev, Rusiya Federasiyası Kommunist Partiyasının lideri Gennadi Zyüqanov, Rusiya senatorları Aleksey Puşkov, Frans Klintseviç, Mixail Kozlov, politoloqlar Sergey Markov, Andrey Klimov, həmçinin Dövlət Dumasının 13 məşhur deputatı, o cümlədən Leonid Kalaşnikov, Dmitri Savelyev, Oksana Puşkina, Oleq Şenin və başqa tanınmış ictimai-siyasi xadimlər iştirak edəcəklər.
Konfransda Azərbaycanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, rus icmasının başçısı, deputat Mixail Zabelin, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, deputat Rövşən Rzayev, haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev, Azərbaycan müxalifətinin liderlərindən biri, deputat Fazil Mustafa və başqa məşhur ictimai xadimlər təmsil edirlər.
Konfrans iştirakçıları müasir beynəlxalq arenada Azərbaycanın rolunu, regionun mübahisəli problemlərinin həllində Rusiya-Azərbaycan birgə münasibətlərinin dərinləşməsi imkanlarını müzakirə edəcəklər. Qarabağ münaqişəsinin siyasi nizama salınmasına xüsusi diqqət ayrılacaq. Qarşılıqlı mədəni təsir imkanları, iki ölkənin yaxınlaşmasında Azərbaycan diasporu faktoru, Rusiya və Azərbaycanın intellektual vətənpərvər elitaları arasında maarifləndirici mübadilələrin və dialoqun qaydaya salınması məsələləri də müzakirəyə çıxarılacaq.