Stokholmdakı Karolinska İnstitutunun alimi Əhmədreza Cəlali Tehranda bir elmi konfransda iştirak etdikdən sonra casusluq və «Allaha düşmənçilik» ittihamı ilə həbs edilib. İran qanunlarına görə hər iki ittiham üzrə təqsirli bilinərsə Cəlalini edam cəzası gözləyə bilər.
İran vətəndaşı Cəlali İsveçdə daimi yaşamaq haqqına malikdir.
«Nature» jurnalının yazdığına görə alim silahlı terror, habelə radioloji, kimyəvi və bioloji silahlarla hücumlar zamanı xəstəxanaların hazırlıq vəziyyətinin yaxşılaşdırılması problemləri üzərində işləyir.
«Amnesty» təşkilatının 23 oktyabr tarixli bəyanatında deyilir ki, «İran hakimiyyət orqanları İran doğumlu İsveç sakini və təcili təbabət eksperti barəsində ölüm hökmünü dərhal ləğv etməlidir».
Cəlalinin vəkillərindən Zeynəb Taheri oktyabrın 23-də «Amnesty International» təşkilatına deyib ki, alim «Yer üzündə fəsad salmaq» ittihamı ilə ölüm cəzasına və 235 min dollar cəriməyə məhkum edilib.
«Amnesty» bildirir ki, hökmün ona göstərilmiş surətindən Cəlalinin İsrail hökumətinə işləməkdə ittiham edildiyi və onun İsveçdə oturaqlığı da bu yolla almasının iddia olunduğu bəlli olur.
«Amnesty International» təşkilatının nümayəndəsi Filip Lazer (Philip Luther) deyib ki, «Əhmədreza Cəlalinin tam ədalətsiz mühakimə ilə edam cəzasına məhkum edilməsi» İran hakimiyyətinin qanunun aliliyinə hörmət göstərmədiyini nümayiş etdirir.
Lazer deyib ki, İranın Avropa ölkələri ilə sıx əməkdaşlığa can atdığı bir zamanda, kimisə bu ölkələrdən biri ilə bağlılığına görə məhkum etməsi absurddur.
İsveç Xarici İşlər Nazirliyinin göndərdiyi bəyanatda deyilir ki, Cəlalinin edama məhkum edildiyinə dair etibarlı məlumatlar alınıb.
Bəyanatda deyilir ki, Stokholm hazırda Tehrandan bu məlumatın rəsmən təsdiq edilməsini gözləyir.