«The Guardian» qəzeti yazır ki, Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər. Mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə zarafatla bir yarısı yeyilmiş paket yağı 250 avroya satmağa təklif edirlər.
Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir, lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər. Nəhayət, bu həftə Fransa qəzetləri də kərə yağı qıtlığının İkinci Dünya Müharibəsindən indiyədək görünmüş ən ciddi səviyyəyə çatdığını yazıblar.
Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb. Nəticədə bir çox şirniyyat və çörək mağazaları normal istehsal rejimini qüvvədə saxlaya bilmirlər.
Hətta Fransanın kərə yağına görə məşhur olan Brittany və Normandy bölgələrindəki mağazalarda kərə yağı soyuducuları boş qalıb. Bəzi şirniyyatçılar qiymətləri qaldırmağa və ya kifayət qədər yağ əldə etmədikləri halda işçilərin iş saatlarını kəsməyə məcbur olublar.
Fransanın kənd təsərrüfatı və qida naziri Stefane Travert qıtlığın tezliklə, süd istehsalının normal səviyyəyə qalxmasından sonra aradan qaldırılacağını deyib. Lakin bəzi sənaye və kənd təsərrüfatı xadimləri azalmış süd istehsalının yaratdığı vəziyyətin qışa qədər davam edə biləcəyini deyirlər. Kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb.
Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib. Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb.
Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb. Mağaza və supermarketlər isə qiymətləri hər ilin əvvəli bir illik müddətə müəyyən etdiklərinə görə, bazardaki bu dəyişikliyin qiymətlərə təsiri olmayıb. Buna görə, istehsalçıların çoxu kərə yağını yerli bazarlarda satmaq əvəzinə xaricə ixrac etməyi üstün tuturlar.
Qeyd edək ki, Fransadan fərqli olaraq Azərbaycan mağazalarında bu ölkənin istehsalı olan kərə yağlarının qıtlığı yaşanmır, lakin bu yağların 1 kiloqramının qiyməti 20-22 manata yaxındır.