Qurbanov millidə baş məşqçi səlahiyyətlərini dekabrın 15-dən - Prosineçkinin yığmamızla müqavilə müddəti başa çatdıqdan sonra davam etdirəcək. 45 yaşlı mütəxəssisin yığmamıza baş məşqçi təyin olunması onun klubdakı işinə təsir etməyəcək. Belə ki, Qurbanov həm də, «Qarabağ»ın baş məşqçisi kimi öz işini davam etdirəcək.
Azərbaycan millisinin tarixində ilk
Qurbanovun təyinatı ölkə futbol ictimaiyyətini iki yerə böldü. Bəziləri onun millinin «sükanı arxasına» keçməsinin «Qarabağ»dakı işinə ciddi təsir edəcəyini düşünürsə, digər qisim isə sabiq hücumçunun klubdakı uğurlarını millidə də davam etdirəcəyi fikrindədi. Qurbanovun təyinatı həm də onunla əlamətdardı ki, yığmamızın tarixi ərzində ilk dəfə bir məşqçi ilə uzunmüddətli, yəni üç tsikli əhatə edəcək 6 illik müqavilə bağlanacaq.
Sabiq hücumçunun millimizə baş məşqçi təyin edilməsi ilə onun uzun müddətdir çalışdığı, yığmanın bir çox üzvünün çıxış etdiyi «Qarabağ»ın əsas seçməmizin baza klubu olması ideyasını da gündəmə gətirdi. Qurbanovun təyinatının rəsmiləşməsindən dərhal sonra keçirilən brifinqdə AFFA prezidenti Rövnəq Abdullayev də bu barədə məlumat verdi. O, jurnalistlərə açıqlamasında «Qarabağ»ın bundan sonra əsas yığmanın baza klubu olacağını bildirdi.
Qurban Qurbanov təkcə əsas yığmaya baş məşqçi yox, həm də digər - aşağı yaş qrupu üzrə komandalara da rəhbər təyin edildi. Yəni bundan sonra digər millilərə də məhz Qurbanov nəzarət edəcək. Bununla da, bütün yığmalarda vahid sistemin yaradılması planlaşdırılır.
Onlar bu təyinat haqda nə düşünür?
Bəs uzun müddəti əhatə edəcək bu plan yığmamıza nə vəd edir? Qurbanovun millimizə baş məşqçi təyin edilməsi nəyisə dəyişə biləcəkmi? «Qarabağ»ın millimizin baza klubu olması «köhlən atlar»ın beynəlxalq arenadakı uğurlarını seçmə komandamıza da daşıyacaqmı? Bütün millilərə tətbiq ediləcək vahid sistem nə cür olmalıdır? Bu suallara aydınlıq gətirmək üçün İcraiyyə Komitəsinin (İK) və Məşqçilər Komitəsinin (MK) üzvlərinə müraciət etdik:
1. Qurban Qurbanovun milliyə baş məşqçi təyin olunması nəyi dəyişə bilər? Bu, hazırda yeganə çıxış yoludumu?
2. «Qarabağ»ın millinin bazasına çevrilməsi yığmaya hansı faydanı verəcək?
3. Millidə hansı modeldən istifadə olunmalıdır?
Vaqif Sadıqov, Məşqçilər Komitəsinin sədri, İcraiyyə Komitəsinin üzvü
1. Qurban Qurbanov Azərbaycan futbolunu yaxşı tanıyır. Millidə baş məşqçi dəyişikliyi özü də çıxış yollarından biridir. Ancaq daha əvvəl də dediyim kimi, biz çıxış yolunu yalnız Qurbanovun baş məşqçi təyin olunmasında görürüksə, bu, yanlışdır. Onun ətrafında bütün sağlam qüvvələr birləşməlidir. Hansı ki, bu insanların niyyəti Azərbaycan futbolunu inkişaf etdirməkdir. Onda biz çıxış yolunu tapa bilərik. İnşallah, klub səviyyəsində olan uğurları millidə də təkrarlaya bilərik.2. Əlbəttə, faydası dəyəcək. Ayrı-ayrı ölkələrin təcrübəsindən istifadə etsək, bunun digər yerlərdə də sınaqdan keçirildiyini görərik. Məsələn, hazırda İngiltərədə «Tottenhem» yığmanın baza klubu hesab edilir. Digər futbol ölkələriylə bağlı da bu cür başqa nümunələr çəkmək olar. Biz Məşqçilər Komitəsi olaraq bu barədə indi yox, hələ komitə ilk yarandığı vaxt təklif irəli sürmüşdük. İndi də belə düşünürəm ki, millidə çıxış edən futbolçuların bir klubda cəmləşməsi yığmanın xeyrinədir.
3. Əvvəllər bu yolu keçmişik. Biz işlədiyimiz zaman da millinin baş məşqçisi digər bütün yığmalara nəzarət edirdi. Bu da ondan irəli gəlir ki, vahid sistemi həyata keçirmək mümkün olsun. Demək olar ki, yuxarıdan aşağı kimi, eyni proqram üzrə çalışan komandalar olacaq. Bütün uşaqlar bu proqram üzrə məşq keçəcək. İldən-ilə rəqabət artmaqla, bu sahədə yaxşı nəticəyə nail olmaq olar. Həmişə demişik ki, vahid sistemə keçmək lazımdı. Bu, baş məşqçinin işini asanlaşdıracaq. Vahid sistem millinin baş məşqçisi üçün çox vacibdir. Piramida şəklində qurulan iş bir neçə il sonra lazım olan uğurlara imza atmağa imkan verəcək.
İsgəndər Cavadov, İcraiyyə Komitəsinin üzvü
1. Nəyi dəyişə bilər? İşə başlasın, sonra baxarıq. Hər şey onun özündən asılıdır. Ümid edirəm ki, yığmada işləri uğurlu alınsın. Millidəki işi yaxşı alına və ya əksinə ola bilər. Bu, onun üçün şansdır. Hər şey özündən asılıdır. Ona təklif olub, o da bu məsuliyyəti öz boynuna götürüb. Biz isə onu dəstəkləmişik. Yerli mütəxəssisdir, hamımız istəyirik ki, yığmanı azərbaycanlı məşqçi çalışdırsın. O ki qaldı bu işin öhdəsindən gəlib-gəlməyəcəyinə, dediyim kimi, hər şey onun özündən asılıdır.
2. Məncə, eyni anda iki yerdə - həm klubda, həm də yığmada çalışmaq onun üçün çətin olacaq. Klub başqa, milli tamam başqadır. Bu, ona problem yarada bilər. Əsasən, vaxtla bağlı problemlərin olacağını düşünürəm. Digər klublardakı oyunçuların da çıxışını izləməlidir. Həm də, millinin üzvlərinin çoxu «Qarabağ»da çıxış etsə də, orda legionerlər də oynayır. O ki qaldı «Qarabağ»ın millinin baza klubu olmasına, əvvəl də bu klubun 7-8 nəfər üzvü millidə çıxış edib, ancaq bu, nəticələrə elə də təsir etməyib. Amma istənilən halda, Qurbanova millidə işləmək üçün şans verməliydik.
3. Buna mən cavab verə bilmərəm. Bu məsələyə baş məşqçi özü qərar verəcək.
Şakir Qəribov, Məşqçilər Komitəsinin üzvü
1. Qurban Qurbanovun milliyə baş məşqçi təyin edilməsini normal qarşıladım. Gözlənilən idi. «Qarabağ» hazırda Azərbaycanda ən yaxşı komandalardan biridir. O, bu komandanın «sükanı arxasında» həm Avropada, həm də ölkədə yaxşı nəticələr qazanıb. Özü də vaxtilə futbolçu olub. Azərbaycanlıdır, millidəki futbolçuların çoxunu tanıyır. Məncə, onun xeyri millimizə daha çox dəyər, nəinki əcnəbi məşqçinin.
2. Açıq deyim, bu fikirlər çoxdan var idi. Valeri Lobanovski Kiyev «Dinamo»sunda çalışdığı zaman da belə ideya var idi. Sovet dövründə belə fikir var idi ki, milli bir klubun bazasında cəmləşəndə, bunun çox faydası olur. Düzü, bunu nəticədə də gördük. Futbolçular daim bir yerdə olurdu. Onlar həmişə baş məşqçinin nəzarətində olurdular. Yığmanın düşərgəsindən ayrılıb öz klublarına getdikdən sonra baş məşqçinin nəzərindən kənarda qalmırdılar. Bundan əlavə, daim bir yerdə məşq edirdilər ki, bu da, uyğunlaşma problemlərini aradan qaldırırdı. İndi həmin vaxtdan illər keçib. Bizdə də vaxtilə bu cür fikirlər olub ki, millidə çıxış edən futbolçular klubda da bir yerdə olmalıdır. Ancaq hazırda çempionatda əvvəlki kimi 16 yox, cəmi 8 komanda var. Elə saysaq, 240-250 futbolçu var ki, bunun da yarısı legionerlərdi. Demək olar, hazırda çempionatda 120 nəfər yerli futbolçu çıxış edir. Ona görə də, «Qarabağ»ın millinin baza klubu olmasının ümumi işin xeyrinə olacağını hesab edirəm. Belədə futbolçular daim baş məşqçinin gözünün qarşısında olacaq. Kim formada olmasa, onu biləcək. Buna görə, futbolçularda məsuliyyət bir az da artıq olacaq ki, həmişə formada olmaq lazımdı, millidə də yer ala bilsin. Belədə, millinin baş məşqçisinin seçimi yaxşı olacaq. Əlindəki futbolçulardan formada olmayanları «Qəbələ»də, «Neftçi»də, «Zirə»də, «Keşlə»də daha yaxşı formada olan oyunçularla əvəz edə biləcək. Dediyim kimi, onsuz da, çempionatda 8 komanda var. Qurbanov digər klublarda çıxış edən futbolçuları da yaxşı tanıyır. Məncə, işin xeyrinə olacaq.
3. Məşqçilər Komitəsi olaraq, bu məsələni əvvəl də gündəmə gətirmişdik. Bildirmişdik ki, bütün millilər eyni sistemlə oynasın. Amma Robert Prosineçkinin dövründə əsas milli başqa sistemlə oynayırdı, digər millilər isə başqa cür oynayırdı. U-21 başqa, U-17 tam başqa oyun sistemindən istifadə edirdi. U-15-dən əsas milliyə kimi bütün yığmalar eyni sistemdən istifadə etsə, bu, daha yaxşı olar.
10 il sonra...
Qurban Qurbanov millinin baş məşqçisi təyin olunmaqla, həm də, yığmada əcnəbi mütəxəssislərin uzunmüddətli hegemonluğuna son qoydu. Belə ki, bunadək son 10 ildə yığmada ancaq əcnəbi məşqçilər (Berti Foqts və Robert Prosineçki) çalışıb. Bir oyun üçün yığmanın «sükanı arxasına» keçən Nazim Süleymanov və Mahmud Qurbanovu saymasaq, sabiq hücumçu Şahin Diniyevdən sonra yığmaya rəhbərlik edəcək ilk yerli baş məşqçi olacaq. Qurbanovla üç tsikli əhatə edən 6 illik müqavilə bağlanması onu millinin ən uzunmüddətli yerli məşqçisi edə bilər. Belə ki, indiyə kimi yığmada nəinki 6, heç 2 il ardıcıl çalışan yerli məşqçi olmayıb. Qurbanov millidə həm də, yerli mütəxəssislərə qarşı itirilmiş inamı geri qaytara bilər. Onun bu işin öhdəsindən necə gələcəyini isə zaman göstərəcək.