Bildiyiniz kimi, fevralın 1-də «Bayıl Arena»da ilk olaraq «Neftçi» və «Simurq»un əvəzedici komandaları meydana çıxmalı idi. Ancaq qarın yağması qonaq komandanın uzun yol qət edib, çətinliklərlə Bakıya gəlməsinə baxmayaraq, oyunun baş tutmamasına səbəb oldu. Stadionun qardan təmizləməsinə ümid edən rəqib komanda 4 saat stadionda gözləməli oldu. Ancaq onların bu ümidi puç oldu.
Futbolinfo.az
saytı olaraq «Bayıl Arena» stadionun rəhbəri Rza Həsənovun fikrini öyrənmək məqsədi
ilə ona telefon açdıq. O isə dəstəyi qaldıraraq: «Bu məsələ ilə bağlı heç kimə
məlumat vermək istəmirəm. Çox sağ olun ki, mənə zəng vurdunuz» deyərək hörmətsizlik
edib, telefonu üzümüzə qapadı.
Rza
bəy elə hərəkət etdi ki, guya qarın yağmasını biz sifariş etmişik. 21-ci əsrdə
inkişafdan danışırıqsa, futbolumuza yatırılan pullardan bəhs ediriksə, belə
problemlərlə üzləşmək normal hal deyil. Hətta süni örtüklü meydançanı belə
qardan təmizlətdirə bilməyən birinin ümumiyyətlə, hansı haqla bu vəzifədə
çalışdığı müəmmadı. Bu arena qartəmizləyən maşınla da təmin edilib, sadəcə:
oyun günü yuxudan bir az tez oyanıb iş görmək lazım idi. Bu problemləri aradan
qaldırmaq peşəkarlıq tələb edir ki, bu da yəqin yağan qarın altında qalıb.
«Neftçi»
bu matçda ev sahibi olduğu üçün meydanın təşkil edilməsində birbaşa məsuliyyət
daşıyırdı. Hətta oyunun keçirilməsi üçün meydanı təşkil etmədiyinə görə «Neftçi»yə
texniki məğlubiyyət də verilməli idi. Çünki qaydalar bunu tələb edir. Saytımıza
açıqlama verən Professional Futbol Liqası (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev isə bunun
ağır qərar olacağını düşünür: «Düzdü, komanda oyunun keçirilməsi üçün meydanı
təmin etməli idi. «Neftçi» stadionu təmin etməkdən boyun qaçırmadı. Sadəcə,
hava şəraitindən irəli gələrək oyun baş tutmadı. «Neftçi»ə texniki məğlubiyyət
vermək isə bir qədər ağır qərar olardı. Çünki bu, komandanın özündən asılı olmayan
səbəblərdən irəli gəlirdi».
Əsas
diqqət isə «Neftçi» və «Simurq»un əsas komandalarının qarşılaşmasının baş
tutub-tutmayacağına yönəlmişdi. Belə ki, oyun günü klubun mətbuat xidmətinin
rəhbəri Gündüz Abbaszadə saytımıza açıqlama verərək, matçın baş tutması üçün
stadion rəhbərliyinin meydanı tam hazır vəziyyətə gətirməyə söz vermədiyi üçün
narahat olduğunu bildirmişdi. Bu səbəbdən də oyun Bakıxanov stadionda
keçirilməli oldu.
«Bakcell
Arena»nın direktoru Tələt Məmmədov isə məsələyə fərqli yanaşdı: «Oyun
bildiyiniz kimi, bazar gününə təsadüf etmişdi. Havanın sərt olması isə 5-ci
gündən başlamışdı. Ancaq bu qədər qar yağmasını gözləmirdik. «Bakcell Arena»da
əgər oyun keçirilsə idi, meydan biabırçı vəziyyətə düşəcəkdi. Havaların sərt
keçməsi ilə bağlı nə tədbir görə bilərik ki? Bizim stadionun heç isitmə sistemi
yoxdu».
Qeyd etdiyimiz kimi, qarın yağması «Sumqayıt» - «Qəbələ» matçının da fərqli məkanda keçirilməsinə səbəb oldu. Məlumat üçün bildirək ki, oyun Mehdi Hüseynzadə adına stadionun süni örtüklü meydançasında baş tutmalı idi. Ancaq süni örtüklü meydanın qardan təmizlənə bilməməsi bu matçın da «Bayıl Arena»da keçirilməsinə səbəb olmuşdu. Stadionun klub nəzdində olduğu nəzərə alaraq «kimyaçılar»ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovun məsələyə münasibət öyrəndik: «Bakıdan fərqli olaraq Sumqayıta qar çox intensiv yağırdı. Buna baxmayaraq, bizim stadionu qardan təmizləmək üçün maşınlarımız var. Qarı təmizləməyimizə baxmayaraq, yenidən yağırdı. Oyunun hakim-inspektoru da bildirdi ki, oyunun keçirilməsi üçün əlverişli şərait yoxdu».
Göründüyü
kimi, qəfil yağan (əslində isə ilin bu vaxtında tamamilə gözlənilən hadisədi -
red.) qar hətta məhz belə havalar üçün salındığı əldə bayraq edilən süni
örtüklü meydanları belə üzüqara çıxardı. İnanın ki, işə məsuliyyətli yanaşma
olsaydı, elə Bayıldakı arenanı təmizləmək üçün uzağı 2 saat bəs edərdi. Amma
səriştəsizlik, eləcə də Peşəkar Futbol Liqasının «təxirəsalma ənənəsi»nə
arxayın olmaq üzündən heç kim özünə əziyyət vermədi və belə biabırçı mənzərə
yarandı. Amma «Bayıl Arena» rəhbərliyinin qulağını çəkən olsaydı, nə «Neftçi»nin
əvəzediciləri texniki məğlubiyyət təhlükəsi ilə üz-üzə qalardı, nə də belə
biabırçılıq yaşanardı.
Bizdə
olan məlumata görə, stadion rəhbərləri, eləcə də oyunun keçirilməsi və təşkili
ilə məşğul olan şəxslər qarın Azərbaycana yağmaması üçün müəyyən miqdarda nəzir
vəd ediblər. Çünki yağan bəyaz qar çirkinlikləri ört-basdır etməkdənsə, üzə
çıxarır. Futbolumuz o qədər «inkişaf» edib ki, ölkəmizə yağan qar da öz
funksiyasını səhv yerinə yetirir.